BAKI, 27 sentyabr — Sputnik. Ermənistanda saxlanılan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmən ölkəsinə təhvil verilib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Umut Ali Özmən bu gün Türkiyə-Gürcüstan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub. O, Ermənistandan Türkiyəyə gəlmək üçün Gürcüstana keçib və oradan Türkiyəyə gəlib.
Əlində Türkiyə bayrağı olan Umut Ali Özmən ölkəyə girişdə torpağı öpüb.
Akyaka rayonuna bağlı Küçük Durduran kəndində yaşayan 16 yaşlı Umut Ali Özmən sərhəd pozuntusu etdiyi üçün Ermənistanda saxlanılıb.
O, heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.