BAKI, 26 sentyabr — Sputnik. Bu gün "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda təlim keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, təlimi giriş sözü ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimai əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova açıb.
Şirkətin sözçüsü mətbuat nümayəndələrini salamladıqdan sonra bu mövzuda təlimin keçirilmə zərurəti haqqında məlumat verib.
Daha sonra İTSDA-nın Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov çıxış edib. O, Azərbaycanda tibbi sığortanın əhəmiyyətindən danışıb: "Bu gün biz əlimizdən gələni edirik ki, tibbi sığorta sahəsi daha da sürətlə inkişaf etsin. Əsas məqsədimiz odur ki, vətəndaşlar tibbi sığortadan istifadə edərək daha yaxşı və keyfiyyətli tibbi yardımlar əldə etsinlər".
İTSDA-nın Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov da öz çıxışında həmkarları kimi, tibbi sığortanın zəruriliyini, əhəmiyyətini diqqətə çatdırıb.
Təlimdə çıxış edən həkim- oftalmoloq Güləndam İsgəndərova tibbi sığortanın həkimlərin işinə də müsbət təsir etdiyini bildirib.
O qeyd edib ki, belə olan halda həkimlər tibbi savadlarını daha çox artırırlar: "Bu da daha çox xəstəni sağaltmaq, məmnun etmək deməkdir. Nəticədə həmin həkim daha çox bonus qazanır. Bir sözlə, icbari tibbi sığorta həkimləri həm savadlı olmağa, həm də daha çox pul qazanmağa kömək edir".
Təlim hazırda davam edir.