BAKI, 26 sentyabr — Sputnik. Bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iclası başa çatır. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
FED-in uçot dərəcəsini 25 faiz bəndi artıraraq 2% — 2,25% aralığına qaldıracağı gözlənilir. Hazırda uçot dərəcəsi 1.75% — 2% aralığındadır. Qlobal bazarda FED-in uçot dərəcəsini qaldırmasına əminlik var.
Saat 22:30-da baş tutacaq mətbuat konfransında FED-in rəhbəri Jerom Povelin gələcək gözləntiləri formalaşdıracaq açıqlamaları investorları daha çox maraqlandırır. FED-in son gözləntilərinə görə, 2018-ci ildə daha 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə faiz artımı nəzərdə tutulur.
Qeyd edək ki, faiz artımı baş verərsə, ABŞ dollarının dünya üzrə bahalaşacağı qaçılmaz olacaq.