BAKI, 25 sentyabr — Sputnik. "Kəskin ürək-damar xəstəlikləri çox böyük bir populyasiyanın problemidir və müalicəsi böyük maliyyə vəsaiti tələb edir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, gecələr ən çox problem yaradan kəskin infarktlardır: "Kəskin infarktların müalicəsinin aparılması üçün Azərbaycanda kifayət qədər texniki-baza və kadr var".
Deputatın fikrincə, kəskin infarkt probleminin həlli üçün ölkədə xüsusi proqram həyata keçirilə bilər: "Xüsusi proqramın həyata keçirilməsi səhiyyə büdcəsi içərisində az vəsait (1 faizdən az) tələb edir. Bu, ölkədə təcili vəziyyətlərin həlli istiqamətində bizə böyük imkanlar verəcək. Ürəyin kəskin tıxanmış damarına stent qoyulması insanın əlil olmasının ciddi şəkildə qarşısını alır. Bununla bağlı dünyada kifayət qədər təcrübə mövcuddur".
"Avropada "Stent for life" adlı (Həyat üçün stent) proqram tətbiq edilir. Bu proqramı Azərbaycanda tətbiq etsək, ölkəmizdə tibbin inkişafına böyük təkan verəcək" — deyə millət vəkili qeyd edib.