Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 25 sentyabr — Sputnik. İçində yarım milyon manatın olduğu seyfi yarsa da, bu, oğrunun köməyinə gəlməyib. Söhbət Sumqayıtda fəaliyyət göstərən şirkətlərdən birindən oğurlanan pullardan gedir.
Sumqayıtın hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları "isti izlər"lə 450 min manatlıq oğurluğun üstünü açıblar. Məlum olduğu kimi sentyabrın 23-də həmin MMC-nin hüquq departamentinin kabinetindən külli miqdarda pul oğurlanıb. Belə ki, pulun saxlanıldığı seyf yarılıb.
İlkin araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oğurluqda Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Nəbiyev Rauf Yavər oğlu iştirak edib. Nəbiyev sözügedən müəssisənin mühafizə xidmətində növbə rəisi işləyib.
Oğru "qara bazar"dakı valyuta alverçilərinin köməyi ilə oğurlanmış manatı dollara çevirəndən dərhal sonra "28 Mall" Ticarət Mərkəzində saxlanılıb. Puldan cəmi 30 min manat kəsir olub. Saxlanılan şəxs sonradan etiraf edib ki, həmin vəsaiti özünün bank kreditlərinin bağlanmasına xərcləyib.
O da məlum olub ki, Nəbiyev oğurluğa hazırlaşarkən özünə aviabilet də sifariş edib. Pulu dəyişəndən dərhal sonra kişi Azərbaycan sərhədlərini tərk edəcəkmiş. Lakin Sumqayıt polisinin operativ qrupu onun bu addımı atmasına mane olub.
Qeyd edək ki, Nəbiyev seyfi dəmir lingin (lomun) koməyi ilə qırıb. Hazırda oğurluq faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb.