BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədrinin sözlərinə görə, ölkəmizdə hər cür texniki imkan, şərait yaradılır ki, bütün xəstəlikləri müalicə edək: "Bəzən insanlar arasında düzgün təbliğat getmir. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Hazırda tibb müəssisələri bütün müasir texnologiyalarla təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır".
Ə.Əmiraslanov bildirib ki, bu gün vərəm dünyanı ən çox narahat edən problemdir və böyük insan tələfatına səbəb olur: "Bu məsələyə mühüm önəm veririk və gələcəkdə də onu diqqətdə saxlayacağıq".
"Həmçinin, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmə keçirməyi planlaşdırırıq" — deputat vurğulayıb.
Komitə sədri cəmiyyətdə çoxdan gözlənilən məsələyə də toxunub. Qeyd edib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir.