BAKI, 24 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni imkanlar barədə ilginc anons verib.
"Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan – ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır" — deyə Tramp məktubda bildirib.
Bu arada, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı yayımladığı bəyanatda rəsmi Yerevan və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır".
Beləliklə, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başladı. Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir. ABŞ-ın mövqeyi bəllidir — Vaşinqton Qarabağda nə Ermənistan, nə də Azərbaycanın qələbəsini istəyir.
Lakin ABŞ və digər böyük dövlətlər anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Trampın məktubundan çıxan nəticə də budur — savaş variantına üstünlük vermək istəyən Paşinyan Bakı ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməməlidir.
Bununla yanaşı, Trampa bəllidir ki, Vaşinqton Gürcüstanda olduğu kimi Ermənistana tam nəzarət etmək imkanında deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib.
Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi kataklizmlər yaratsın. Hətta yeni parlament seçkiləri keçirilsə və Nikol Paşinyanın rəhbərlik etdiyi komanda hakimiyyətdə möhkəmlənsə belə, yaxın zamanda Ermənistanı Rusiyanın monopoliyasından çıxmaq mümkün olmayacaq. Ermənistan-Rusiya əməkdaşlığı bundan sonra da davam edəcək.
Ancaq strateji yöndə yeni hökumət hədəf olaraq Qərbə inteqrasiya xətti seçməyi düşünür. Tramp da bu istiqamətdə müəyyən mesajlar verməkdədir və Paşinyana məktubunda İrəvana əməkdaşlıq təklif edir.
Bu gün ölkə daxilində Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Paşinyanı yalnız erməni millətçiləri dəstəkləyir. Paşinyanın Dağlıq Qarabağ məsələsindəki ilk addımları da onun savaşçı imicini formalaşdırır.
Əslində, Paşinyan bütün dünyaya meydan oxuyur. Belə ki, BMT Təhlükəsizlik Şurasının (822, 853, 874, 884) və Baş Assambleyasının qətnamələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklərlə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün gücün istifadəsinin yolverilməzliyini ifadə edir. Həmin qətnamələr Azərbaycanın ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin oradan tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Ermənistan bu qətnamələrdən heç birini yerinə yetirməyib və buna görə də, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə (Maddə 41) uyğun olaraq Ermənistanı blokadaya alıb. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan hərbi yolla ayırmaq cəhdləri "öz müqəddəratını təyin etmək" hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Azərbaycan dəfələrlə bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq ümummilli referendum yolu ilə həll oluna bilər.
Hazırda istər Rusiya, istərsə də ABŞ yeni savaşın başlanmasını arzulamır. Hiss edilən odur ki, tərəflərin sülhə hazırlıq prosesi də getmir. İctimaiyyətlərin sülhə hazırlanması çətin məsələdir. Sadəcə, təcrübəsiz Paşinyanın hərbi ritorikasının ağır fəsadlar verə biləcəyi onun nəzərinə çatdıırılır.
N.Paşinyanın absurd tələbləri qarşısında Azərbaycanın barışmaz və haqlı mövqe sərigələməsini normal qarşılamaq lazımdır. Azərbaycanın işğal altında 20 faiz torpağı var, rəsmi Yerevan bu torpaqların qaytarılması ilə bağlı nikbin bəyanatlar vermək əvəzinə, savaşdan söz açır. Əgər vasitəçilərin rəsmi bəyanatlarına nəzər salsaq görərik ki, söhbət Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən gedir və tərəflərin mövqeləri diametral əksdir.
Siyasi araşdırmaçılar hesab edirlər ki, danışıqlarla bağlı müsbət yöndə iki halda sıçrayış ola bilər — ya tərəflər bu məsələdə özləri razılığa gəlsinlər, ya da vasitəçilər tələb səviyyəsində olan konkret bir təkliflə çıxış etsinlər. Hazırda isə bunların heç biri yoxdur. Hazırda vasitəçilər Paşinyanı savaş ritorikasından imtinaya səsləyirlər.
Bir sözlə, söhbət status-kvonun bərpasından gedir. Əslində, Ermənistana ciddi təzyiqlər edilməsinin də Qarabağ danışıqlarına böyük təsiri olmayacaq. Əgər söhbət Trampın məktubunu əsas götürərək, ABŞ vasitəsiylə Yerevana təsir göstərib, Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu, real görünmür. Düzdür, Ermənistana beynəlxalq təzyiqlər arta bilər. Lakin bu təzyiqlər Qarabağın qaytarılması ilə bağlı olmaya da bilər.
D.Tramp Yerevanı yeni Qarabağ savaşından yayınmağa səsləyir. Əvəzində mükafat da vəd edir — Ermənistan–ABŞ əlaqələri üçün yeni variantlar yarada biləcəyini vurğulayır. ABŞ üçün bu mərhələdə Ermənistan–İran sərhədinə nəzarət etmək daha vacibdir və odur ki, Ağ Ev rəhbəri Yerevanı Qarabağ danışıqlarını bərpa etməyə çağırır.
Bu gün Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir və Paşinyan Qrəbdən kredit dilənməyə məhkumdur. Bu baxımdan, onun tezliklə savaş ritorikasından əl çəkəcəyini ehtimal edə bilərik…