BAKI, 23 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Müğənni Dilarə Kazımova çoxdan gözlənilən "Azərbaycan" layihəsini təqdim edib və bununla ölkədə turizmin inkişafına böyük töhfə verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, layihənin ideyası müğənninin özünə məxsusdur, lakin onun reallaşdırılmasında prodüsser Nigar Məmmədovanın böyük rolu olub. Kazımova keyfiyyətli iş təqdim etmək üçün bir az əziyyət çəkməli olub və işinin nəticəsindən razı qalıb.
"Mən Azərbaycan barədə çoxlu sayda təqdimat roliklərinə baxdım və başa düşdüm ki, yenisini çəkməliyəm. Mənim rolikimdə ölkənin gözəllikləri ritmik musiqi sədaları altında göstərilməlidir. "Azərbaycan" kompozisiyasının musiqisi mənə, sözləri isə Nigar Məmmədova və Almaniyada yaşayan bacım Leyla Kazımovaya məxsusdur. Aranjemanı isə Givi Usinaşvili edib", — Kazımova deyib.
Klipdə 60-dan çox adam çəkilib. Çəkişilər şəhərin mərkəzində, əsasən İçərişəhərdə 4 gün ərzində davam edib.
Müğənni üçün ən çətini at sürməyi öyrənmək olub, lakin yaxşı kadrlar naminə o, bunu da öyrənib. Klipdə həmçinin Bakı Media Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində çəkilmiş kadrlardan istifadə olunub.
"Hesab edirəm ki, bu layihə ilə Azərbaycanda turizmin inkişafına töhfə vermişəm, çünki klipdə hər şey — gözəl yerlər, bizim xalçalar, mətbəximiz, həmçinin ölkəmizin digər dəyərləri var. Biz klipdə həm müasir, həm də qədim Azərbaycanı birləşdirmişik. İstəyirəm ki, bu kadrları görən hər kəs ölkəmizə gəlmək istəsin. Buna görə də mahnı iki dildə — Azərbaycan və ingilis dillərində təqdim olunub ki, əcnəbilər də söhbətin nədən getdiyini bilsinlər", — Kazımova bildirib.
Müğənninin klipi həm Azərbaycanda, həm də ölkədən kkənarda nümayiş etdiriləcək. Kazımova ona bu layihəni reallaşdırmaqda kömək edən hər kəsə təşəkkür edib və Azərbaycanın nə qədər gözəl və zəngin olduğunu göstərmək üçün bütün tamaşaçılardan klipi sosial şəbəkələrdəki səhifələrində paylaşmağı xahiş edib.
Layihəni bitirdikdən sonra müğənni dincəlməyərək yaxın zamanlarda Azərbaycan dilindəki "Danış" mahnısına klip çəkilmiş klipini təqdim etməyi qərara alıb. Bu mahnının da musiqisi Kazımovaya məxsusdur.
Dilarə Kazımova vaxtilə Unformal və Milk & Kisses qruplarının tərkibində çıxış edib. 2014-cü ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edib.