BAKI, 23 sentyabr — Sputnik. Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib.
Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib:
“Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”.
Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir:
“Heç bir təhlükə yoxdur”.