BAKI, 21 sentyabr — Sputnik. Ukraynada qadın müxbir canlı yayım zamanı aksiyaçılar tərəfindən döyülüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ukraynanın “NewsOne TV” kanalının əməkdaşı Darina Bilera 31 yaşlı Timur Tumqoyevin Rusiyaya qaytarılması barədə xəbər verərkən aksiyaçılar tərəfindən döyülüb. Aksiyaçılar qadına müxtəlif formada mane olmağa çalışsalar da, qadın yayımı kəsməyib. Bundan sonra ona yumruq atılıb.
Hadisə zamanı ərazidə polis olsa da, asayiş mühafizəçiləri olaya müdaxilə etməyib. Müxbiri döyənlərin Ukraynanın şərqində Rusiya qüvvələri ilə mübarizə aparan Timur Tumqoyevin Rusiyaya qaytarılmasına qarşı çıxanlar olduğu bildirilib.