BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib. O bildirib ki, qiymət artımı nəticəsində fermerlərin əlavə olaraq 12 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir.
Məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq tövsiyəsinə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.
Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
Belə ki, 1-ci növ pambığın qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580-dən 630 manata, 3-cü növ, 540-dan 590 manata, 4-cü növ 500-dən 550 manata qaldırılıb.
"Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. Bu, cənab Prezidentin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür" – deyə V. Hüseynov bildirib.