BAKI, 20 sentyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən, hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna "Biləsuvar" gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Biləsuvar" gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəssisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Aşkar olunan zərərvericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb.
Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizimlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.