BAKI, 19 sentyabr — Sputnik. İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumat əsasən, başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.
Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Hadisə yerindən qaçan Dəmirovun yaxalanması üçün polis əməliyyata başlayıb.
Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.
Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir.