CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın rayonunda dünyada nadir rast gəlinən heykəl ucaldılıb

© Sputnik / Ilham MustafayevGədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulmuş "Çoban Qara" adlı heykəl
Gədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulmuş Çoban Qara adlı heykəl - Sputnik Azərbaycan
Abunə olmaq
O, sanki öz vüqarlı duruşuyla, arandan yaylağa, yaylaqdan arana gedən köç yoluna nəzarət edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Heykəllər, adətən cəmiyyətin, hər hansı ölkə və yaxud xalqın inkişafında böyük rol oynamış şəxsiyyətlər, dövlət xadimləri, mütəfəkkirlər və maarifçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılır. Nadir hallarda isə belə abidələr heç bir xüsusi tarixi hadisəni əks etdirməyən sadə, zəhmətkeş insanlar və yaxud onların məşğul olduğu sahəni dəyərləndirmək üçün yaradılır. Tarixi dövrlər, ictimai formasiyalar, quruluşlar dəyişdikcə, siyasi heykəllər özündən sonra gələnlər tərəfindən məhvə məhkum edilsə də, belə heykəllər yalnız eroziyanın və baxımsızlığın qurbanı olurlar.

Bu cür heykəllərdən biri də Gədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulan və bəlkə də dünyada yeganə olan "Çoban Qara" adlı heykəldir. Rayon sakinlərinin sözlərinə görə, bu heykəl rayonda hər kəs tərəfindən tanınan, hörmət qazanan çoban olmuş Qara Çobanın və onun peşəsinin şərəfinə ötən əsrin 60-cı illərində ucaldılıb.

© Sputnik / Ilham MustafayevGədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulmuş "Çoban Qara" adlı heykəl
Gədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulmuş Çoban Qara adlı heykəl  - Sputnik Azərbaycan
Gədəbəy rayonunun Qaraməmmədli kəndində qoyulmuş "Çoban Qara" adlı heykəl

Hazırda təqaüddə olan ədəbiyyat müəllimi Abuzər Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu heykəlin qoyulma səbəbinə aydınlıq gətirib: "Azərbaycan ərazisində "dağ merinosu" qoyun cinsinin saxlanıb-artırılması işinə ilk dəfə ötən əsrin ortalarından Gədəbəydə başlanılıb. Damazlığın artırılmasında Çoban Qaranın çox böyük rolu olub. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində Gədəbəy rayonu qoyunçuluq üzrə bir neçə dəfə Keçici Qırmızı Bayraqla təltif edilib".

"Eyni zamanda, "Çoban Qara" heykəlinin ucaldılması sosialist rejim tərəfindən çobanlıq peşəsinə ehtiram göstərmək, bu sahəni dəyərləndirmək, çobanlarda ruh yüksəkliyi yaratmaq məqsədi də daşıyıb" — deyə A.Quliyev bildirib.

Heykəl haqda məlumat verən digər sakin Nəzər Pirverdiyev abidənin ucaldığı ərazinin də təsadüfi seçilmədiyini söyləyib: "Heykəlin durduğu yer dağlardan gələn Zəyəmçay və İnəkboğan çaylarının qovuşduğu ərazidə yerləşir. Bura aranla, yaylaq arasında bir keçid rolunu oynayır. Qazax, Tovuz, Şəmkir rayonlarından gətirilən bütün sürülər bu ərazidən keçərək yaylaqlara aparılıb".

© Sputnik / Ilham Mustafayev"Çoban Qara" heykəli
Çoban Qara heykəli - Sputnik Azərbaycan
"Çoban Qara" heykəli

Onun sözlərinə görə, bura çatarkən çobanlar dayanıb düşərgə salar, heyvanları sayar, yerbəyer edər, dinclərini aldıqdan sonra yollarına davam edərlərmiş: "Yaylaqdan qayıdan sürülər də eyni qaydada gəlib bu ərazidə məskən salıb, sonra yollarını davam edirmişlər. "Çoban Qara" heykəli də elə yerdə, elə formada qoyulub, sanki, öz vüqarlı duruşuyla arandan yaylağa, yaylaqdan arana aparılan qoyun sürülərin nəzarət edir".

Rayona gələn turistlərin də marağına səbəb olan abidənin müəyyən qədər restavrasiyaya ehtiyacı var. Heykəlin adı yazılan lövhə isə, demək olar ki, oxunmaz vəziyyətdədir. Ümid edirik ki, heç kəsə ziyanı dəyməyən və az xərclə bərpa edilməsi mümkün olan abidə aidiyyatı qurumların diqqətindən kənar qalmaz.

Xəbər lenti
0