Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 sentyabr — Sputnik. Oğuz-Qax arxeoloji ekspedisiyası Qax rayonu ərazisində yerləşən tarixi-arxeoloji abidələrin xəritələrini və GPS koordinatlarını hazırlayıb. Bundan əlavə, bəzi abidələrdə çöl işləri həyata keçirilib. Oğuz-Qax arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, rayon ərazisində yerləşən, ölkəmiz üçün əhəmiyyətli olan bəzi abidələrə baxış keçirilib, eləcə də, bir sıra abidələr xəritələşdirilib.
"Rayon ərazisində yerləşən ən mühüm abidələrdən biri də ilk orta əsrə aid olan Zərnə qalasıdır. Qala Zərnə kəndində Zərnə çayının sahilində yüksək dağlıq hissədə meşədə və olduqca strateji əhəmiyyətli ərazidə yerləşir. Zərnə qalasının qala divarlarının planı tərəfimizdən hazırlanıb. Təxminən 0,8 ha ərazini əhatə edən qalanın daxilində anbar yerləri və məbəd də yerləşib" — T.Əliyev deyib.
Arxeoloq əlavə edib ki, qala ilk orta əsrlər dövrü üçün xarakterik üslubda inşa olunub: "Abidəyə gedən yol çox dar və olduqca çətindir. Zərnə qalası kəndin La (Lal) – Şirin deyilən hissəsində yerləşir. Daha sonra isə Maralik (Marallıq) adlı əraziyə də baxış keçirilib".
Taleh Əliyev bildirib ki, ilk orta əsrlərə aid alban məbədlərindən, Qum kəndinin 1 km cənubunda yerləşən Kilsəhənd məbədinin planı hazırlanıb, bir sıra abidələr xəritələşdirilib. Əmbərçay kəndində yerləşən Qaraul yeri (Gözətçi məntəqəsi) abidəsinin planı çıxarılıb.
Ekspedisiya rəhbəri onu da əlavə edib ki, anoloji tədqiqat Əmircan kəndində də həyata keçirilib. Kənddə yerləşən XVIII əsrə aid məscid qalığının planı hazırlanıb, yaxınlıqdakı qəbirlərin tarixi təyin olunub.
Qeyd edək ki, Qax rayonunun Qıpçaq, Əmircan, İngiloy-Kötüklü, Əmbərçay, Qaşqaçay, Zərnə, Süskənd, Meşəbaş, Əlibəyli, Qax-İngiloy, Alatəmir, Qum kəndlərində yerləşən abidələrin GPS koordinatları müəyyənləşdirilərək tarixi-arxeoloji xəritəsi hazırlanıb. Əksəriyyəti ilk orta əsrlərə aid olmaqla Qafqaz Albaniyasının mühüm bir dövrünü əhatə edən abidələrdə növbəti mövsümdə də arxeoloji tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.