BAKI, 18 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri məlumat yayıb.
"Görünür, Putin dəvəti qəbul edib, hələlik səfərin vaxtına dair dəqiq zaman yoxdur. Lakin artıq aydındır ki, səfərin nə vaxt gerçəkləşməsindən asılı olmayaraq, Putin Yerevanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarqsyanla görüşmək niyyətindədir".
Qeyd edək ki, iyulun 28-i Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdi.
Məhkəmə öz qərarını 7 saatdan çox davam edən məhkəmə prosesindən sonra iyulun 27-nə keçən gecə, saat 00:15 radələrində elan etdi.
Robert Koçaryan 2 ay müddətinə həbs olundu.
Lakin avqustun 13-ü Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apelyasiya Məhkəməsinin qərarına əsasən azad edildi.