CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yerin altından gələn səs hamını ayaq saxlamağa vadar etdi

© Sputnik / Murad OrujovBakı metropolitenində konsert
Bakı metropolitenində konsert - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı metrosunda klassik və milli musiqi sədaları şuşalı qadını kövrəltdi

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Hər il Bakı metrosunun müxtəlif stansiyalarında Milli Musiqi Gününə həsr olunmuş konsert proqramları keçirilir. Bu bayram hər il sentyabrın 18-də – Azərbaycanın peşəkar musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir. Bu gün də istisna təşkil etməyib.

"Bakı Metropoliteni"nin rəhbərliyi qərara alıb ki, öz sərnişinlərinə gün boyu canlı musiqidən feyziyab olmaq imkanı yaratsın. Bu musiqinin dinləyiciləri arasında Sputnik Azərbaycan-ın əməkdaşı da olub.

© Sputnik / Murad Orujov"Bakı Metropoliteni"nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva
Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva  - Sputnik Azərbaycan
"Bakı Metropoliteni"nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva

Bu, əlamətdar günlə bağlı konsertlərdən biri də "İçərişəhər" stansiyasında keçirilib. Burada əvvəlcədən ifaçılar üçün yer təşkil edilib. Onlar musiqi alətlərini kökləyərkən, biz də fürsətdən istifadə edib, "Bakı Metropoliteni"nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva ilə söhbət elədik. O qeyd etdi ki, Milli Musiqi Günü ilə bağlı çıxışlar dörd stansiyada — "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası"nda təşkil olunub. Onların hər birində musiqiçilər eyni proqramla çıxış edəcəklər.

"Biz qərara gəlmişik ki, hər il Milli Musiqi Günündə bizim sərnişinlər üçün kiçik konsert proqramı təşkil edək. Onların hamısı 1,5 saat davam edəcək. 45 dəqiqə ərzində klassik musiqi, qalan vaxtda isə xalq musiqisi və muğam səslənəcək. Ümid edirik ki, sərnişinlər razı qalacaq və onların əhval-ruhiyyəsi yüksələcək" – deyə Babayeva bildirib.

Musiqiçilər və repertuarlardan başqa budəfəki konsertlər keçən ilkindən xüsusi fərqlənməyib. Violençel ifaçısı Aleksandra İvanova əsasən Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev və digərlərinin əsərlərini ifa edib. Musiqiçilər çalışıblar ki, ölkənin hər bir sakini arasında məşhur olan ifaları seçsinlər.

© Sputnik / Murad OrujovViolençel ifaçısı Aleksandra İvanova
Violençel ifaçısı Aleksandra İvanova - Sputnik Azərbaycan
Violençel ifaçısı Aleksandra İvanova

"Tələsən insanlar ayaq saxlayıb bizə qulaq asanda çox xoşumuza gəlir. Bir dəfə olan hadisəni heç vaxt unutmayacağam – çıxışımız sərnişinlərdən birinin elə xoşuna gəlmişdi ki, o, hətta mənə gül buketi hədiyyə etmişdi. Bu, gözlənilməz idi" – deyə İvanova bildirib.

Bütün musiqiçilər öz yerlərini tutduqdan sonra çıxışa Üzeyir Hacıbəylinin yaradıcılığından "Arazbarı" ilə başlayıblar. Bu zaman metronun çıxışı onları dinləyən sərnişinlərlə dolub. Musiqi sədalarını eşidərkən dərhal hamının sifətində sevinc işartısı əmələ gəlib və onların əhval-rühiyyələri yüksəlib. Çoxları telefonlarını çıxararaq baş verənləri qeydə almağa başlayıblar. Hətta elələri də olub ki, musiqinin sədaları altında birbaşa yayım edərək tanışlarını ad günü münasibətilə təbrik ediblər. Sadəcə təəssüfləndirici hal bu olub ki, canlı musiqinin sədasına toplaşanların əksəriyyəti bu günün nə günü olduğunu və konsertin hansı məqsədlə təşkil edildiyini bilməyib.

Təkcə sərnişinlər deyil, metronun yanından keçən digər insanlar da musiqi səsini eşidən kimi ayaq saxlayaraq metronun girişinə daxil olublar. Bakı sakini Firəngiz Ağalarova eşidəndə ki, metroda konsert olacaq, bir neçə dəqiqəliyinə işindən ayrılaraq klassik musiqidən zövq almaq üçün bura gəlib.

© Sputnik / Murad OrujovFirəngiz Ağalarova
Firəngiz Ağalarova  - Sputnik Azərbaycan
Firəngiz Ağalarova

"Hesab edirəm ki, bu, "Bakı Metropoliteni" tərəfindən irəli sürülmüş əla təşəbbüsdür. Bu, metroya gələnlərə musiqi dinləmək imkanı yaradır. Hətta konsert salonlarını ziyarət etməyən insanlar belə, bu konsertlərə qulaq asaraq mütləq klassik musiqini sevəcəklər. Onu da deyim ki, bu cür layihələr bakılıların klassik musiqi haqqında biliklərini artırmaq üçün gözəl vasitədir" – deyə Ağalarova bildirib.

Toplaşanlar arasında uşaq və qadınlar da daxil olmaqla müxtəlif yaş qrupunda olan insanlar vardı. Ayşən Cavadova etiraf edib ki, klassik musiqiyə heyrandır. Lakin biletlər baha olduğundan onun konsert salonlarına getmək imkanı yoxdur. Musiqiçilərin çıxışının sonuna qədər o, metronun girişində dayanaraq musiqiyə qulaq asıb və bundan zövq alıb.

Milli musiqinin ifasına başlanarkən, tamaşaçıların sayı artmağa başlayıb. İfaçılar öz proqramlarına ən məşhur xalq mahnılarını və muğamları daxil ediblər. Tamaşaçıların əksəriyyəti özünü rəqs etməkdən güclə saxlayıb. Toplaşanlar arasında müxtəlif ölkələrdən gəlmiş turistlər də olub. Bakıya istirahətə gələn çinlilər üçün səhər tezdən klassik musiqi ilə qarşılaşmaq gözlənilməz olub.

Одна из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metropoliten fərqli rejimə keçir

İkinci konsert "Sahil" metrosunda təşkil edilib. Sputnik Azərbaycan-ın əməkdaşı musiqiçilərlə birlikdə ora da yollanıb. "İçərişəhər"dən fərqli olaraq bura toplaşanların sayı az olub. Lakin konsertin əsas qəhrəmanı ifaçılar deyil, balaca qızlar olub. Onlar mərkəzdə ora-bura qaçışıblar, musiqiçiləri yamsılayıblar və rəqs ediblər.

"Biz çox gecikirik, amma mənim qızım klassik musiqini o qədər çox sevir ki, onu konsertdən qoparıb apara bilmirəm. Düşünürəm ki, o da gələcəkdə musiqiçi olacaq. Təşkilatçılara təşəkkür edirəm" – deyə balaca Nərmin Əliyevanın anası bildirib.

Muğam səsləndikdə isə yaşlı insanların gözündən göz yaşları axmağa başlayıb. Qadınlardan biri deyib ki, Şuşadan olan məcburi köçkündür.

"Hər dəfə muğamı eşidəndə öz doğma yerlərimizi xatırlayıram. Çox istəyərdim ki, bu muğamlar yenidən Şuşada səslənsin" – deyə Tubu Abdullayeva həsrətlə bildirib.

Konsertə toplaşanların hamısının sifətində razılıq əlaməti hiss edilib. Hətta tələsdiyini bildirən insanlar belə, canlı musiqidən ayrılıb getmək istəməyiblər. Və şübhəsiz ki, "Bakı Metropoliteni"nin rəhbərliyi sərnişinlərə gün boyu xoş əhval-ruhiyyə bəxş edib.

Qeyd edək ki, Azərbaycan Milli Musiqi Günü hər il 18 sentyabrda – ölkədə professional musiqinin əsasını qoymuş Üzeyir Hacıbəylinin ad günündə qeyd olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Xəbər lenti
0