BAKI, 16 sentyabr — Sputnik. Rusiyanın Çuvaşiya Respublikasında polisdən qaça bilmiş Azərbaycan vətəndaşı axtarışa verilib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə avtobus dayanacağında baş verib.
Belə ki, sentyabrın 14-də, Çuvaşiyanın Kugesi qəsəbəsindəki "Koneçnaya" ictimai nəqliyyat dayanacağında 37 yaşlı Azərbaycan vətəndaşı polis konvoyundan qaçıb. Mənbə əlavə edir ki, azərbaycanlının adı Elnurdur — alçaq boylu, dolu bədənli, qonur gözlü, qaraşın şəxs axtarışa verilib.
Qaçdığı vaxt Elnurun əynində tünd rəngli geyim, qara ayaqqabı olub.
Güman edilir ki, Elnur həyat yoldaşının yaşadığı Moskva şəhərinə yollanıb. Lakin onun qəsəbədə gizlənməsi versiyası da araşdırılır. Halbuki, cəmi 12 min nəfərin yaşadığı qəsəbədə uzun müddət gizlənmək real görünmür.