BAKI, 15 sentyabr — Sputnik. Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi İdarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir neçə metro stansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb.
Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər.
Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub. Reyd zamanı metronun “İnşaatçılar”, “Gənclik” yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Reyd zamanı keçidlərdən istifadə etməyən əsasən ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub.
BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, piyadavurmaların sayı azalsa da bu rəqəmlər yol polisini hələ də narahat edir: "Ona görə də bu rəqəmlərin sayını minimuma endirmək məqsədilə təbliğat işləri gücləndirilib və davam etdiriləcək".
Əsaən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.