Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. "Türkiyənin Azərbaycandakı səfiri olmaq olduqca məsuliyyətli və şərəfli vəzifədir. 15 sentyabr Bakının qurtuluşu nəinki azərbaycanlılar, hətta Anadolu türkləri üçün olduqca böyük hadisədir. Azərbaycanın müstəqilliyi Türkiyə tarixi üçün də önəmli dönüş nöqtəsidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda keçirilən beynəlxalq simpoziumda bildirib.
Səfir qeyd edib ki, Azərbaycan, Bakı Türk dünyası üçün mərkəzlərdən biridir: "Biz daima Azərbaycanı öz doğma vətənimiz kimi görürük. 100 il öncə Osmanlı imperiyası son nəfəsini verdiyi bir vaxta, bütün istiqamətlər üzrə geri çəkildiyi bir vaxt ən yaxşı əsgərlərindən Qafqaz İslam Ordusunu formalaşdıraraq Azərbaycana köməyi göndərib. Bu ordu müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə yadım edib".
Erkan Özoral vurğulayıb ki, Birinci dünya müharibəsindən 15-20 il sonra Azərbaycan və Türkiyə arasında münasibətlər davam edib. Lakin sonradan baş verən olaylar Anadolu türkləri ilə Azərbaycan türklərini ayırıb: "Bizi bir birimizdən ayırdılar. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə Türkiyə onu tanıyan ilk dövlət oldu. Lakin biz 1918-ci ildə olduğu kimi 1991-ci ildə də eyni şeyləri yaşadıq. Belə ki, 1918-ci ildə öz müttəfiqimiz Qafqaz İslam Ordusunun Bakıya gəlməsinə mane olmağa çalışırdısa, 1991-ci ildə də bizim müttəfiqlərimiz Sovet İttifaqının mövcudluğunu bəhanə edərək, Azərbaycanı tanımağımızı əngəlləməyə çalışdılar. Lakin biz bütün bu əngəlləri aşdıq və bu günkü mərhələyə çatdıq. Türkiyə və Azərbaycanın adı artıq hər yerdə bir çəkilir".
Səfir onu da bildirib ki, iki gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Bakının qurtuluşunun 100 illiyi münasibəti ilə tədbirlərə qatılacaqlar: "Bundan əlavə, 100 il əvvəl olduğu kimi türk əsgəri azərbaycanlı qardaşları ilə birgə Bakının işğaldan azad etdikdən sonra Bakıda yürüş keçirdisə, 100 il sonra da türk əsgəri bu böyük zəfəri azərbaycanlı qardaşı ilə qeyd etmək üçün iki gün sonra Bakıya gələcək və paradda iştirak edəcək. Bu, bir səfir olaraq mənim yaşaya biləcəyim ən böyük sevinc hissidir".