BAKI, 12 sentyabr — Sputnik. Rza Zərrab Nyu-Yorkun məşhur məkanlarından olan Nobuda bir qadınla yemək yeyərkən görüntülənib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-da həbsdə olduğu iddia edilən Zərrabın həyatını istədiyi kimi davam etdiyini sübut edən foto yayılıb. Fotonun restoranın müştəriləri tərəfindən çəkildiyi iddia edilir. Zərrab fotosunun çəkildiyini görüb, restorandan çıxıb.
ABŞ-da "Zərrab davası" kimi başlayıb, “Xalqbank”-ın keçmiş müdir köməkçisi Hakan Atillanın ittiham edilməsinə çevrilən prosesdə Zərrab "etirafçı" olmağı seçmişdi. Atilla həbs edildikdən sonra Zərrabın da hüquqi statusu müəyyən edilmişdi. Belə ki, Zərrab Nyu-Yorkda "həbs edilmiş şahid" qismində ABŞ Federal Həbsxanalar bürosunun qruplarının nəzarəti altına alınmışdı.
Hazırda Zərrabın hansı şərtlərlə azadlıqda olması araşdırılır.