Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qarşıdakı 7 illik hədəfimiz: Özgədən borc alınca, öz vətəndaşına borcun olsun

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda bir sıra ölkələr daxili borclanma siyasətinə daha çox üstünlük verir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəfi gözləniləcək. Bu barədə dövlət başçısının 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

© Sputnik / Kemale Aliyevaİqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev - Sputnik Azərbaycan
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev dövlət borcunun ÜDM-ə nisbətinin tədricən azaldılması ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb. O deyib ki, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin aşağı düşməsinin bir sıra yolları var: "Bunlardan biri həmin borcların ödənilməsidir. Digər bir yol ölkə iqtisadiyyatının inkişafı vasitəsilə ÜDM həcminin artmasıdır. Yəni ölkədə ÜDM, istehsal artdıqca ÜDM həcminin yanında borcun məbləği azalmış olacaq, yenidən borc alınsa belə".

Atakişiyevin sözlərinə görə, hazırda bir sıra ölkələr daxili borclanma siyasətinə daha çox üstünlük verir: "Çünki bəzi hallarda xarici valyutanın bahalaşması nəticəsində xarici borclanmanın həcmi arta bilir. Azərbaycanda 2 dəfə devalvasiya baş verməsi nəticəsində xarici dövlət borcumuz manatla ifadədə çox artıb. Yəni həmin borcların ödənilməsi çətinləşir. Digər tərəfdən, burada faiz məsələləri var. Xarici borclanma çox olduğu zaman ödənilən faizlər də, istər-istəməz təsir edir".

Ekspertin fikrincə, bəzi halda xarici borclanma beynəlxalq maliyyə qurumlarının, ölkələrin qarşısında bir sıra öhdəliklərin yaranmasına gətirib çıxarır: "Bu da onlara rıçaqlar verir ki, ölkənin bir sıra məsələlərinə təsir edə bilsinlər. Bütün bu məsələlərdən sığortalanmaq, risklərin azaldılması üçün daxili borclanmaya yönəlmək daha əhəmiyyətli olur".

"Burada müxtəlif yollar var. Məsələn, dövlət istiqraz vərəqələrinin buraxılması, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və s. Bunlar ilk növbədə vətəndaşın vəsaitinin iqtisadiyyata cəlb olunmasına kömək edir. İkincisi, həmin cəlb olunan vəsaitlər xaricdən cəlb olunan vəsaitlərə nisbətən daha ucuz başa gəlir. Üçüncüsü, iqtisadi inkişafın davamına dəstək göstərir. Ona görə də daxili investisiyaya yönəlmək daha əhəmiyyətlidir" — R.Atakişiyev vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, hər bir milli iqtisadiyyatın öz xüsusiyyətlərinə uyğun olaraq dövlət borcunun həcmi formalaşa bilər: "Bu göstəricinin nisbətən çox və yaxud az olması milli iqtisadi sistemin xüsusiyyətlərindən asılıdır. Azərbaycan iqtisadiyyatına gəldikdə isə, düşünürəm ki, xarici borclanmanın çoxaldılmasına ehtiyac yoxdur. Azərbaycanda daxili investisiya imkanları kifayət qədər mümkündür".

© Sputnik / Anar MustafayevAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Onun sözlərinə görə, iqtisadi artımın həyata keçirilməsi üçün daxili investisiyaların rolu xarici investisiyalardan qat-qat çoxdur: "Ona görə də hesab edirəm ki, Azərbaycanda xarici borclanmanın artmasına ehtiyac yoxdur. Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 20% olması Azərbaycan iqtisadiyyatı üçün optimal rəqəmdir".

Qeyd edək ki, 2018-ci ilin 1 yanvar tarixinə Azərbaycan dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat təşkil edib. Məcmu dövlət borcunun 15.978,1 milyon manatı (9.398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1.029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib.

Xəbər lenti
0