İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. "İsveçdə seçkilərdən sonra höküməti qurmaq çətinləşsə də, vəziyyət stabildir. "Müharibə" gözənilmir". Bu sözləri Sputnik Azərbaycan-a İsveçdə fəaliyyət göstərən "Azərbaycan naminə" təşkilatının sədri Nadir Hollenbrand deyib.
Onun sözlərinə görə, seçkilərə 4 partiya (Moderatorlar, Liberallar, Xristian Demokratlar, Center Partiya) alyans şəklində, 2 partiya isə (Sosial Demokratlar ("qırmızılar") və Miljö (ekologiya) Partiyası ("yaşıllar") bir ittifaq halında qatılıb, lakin heç bir blok hökuməti qurmaq üçün yetərincə səs toplaya bilməyib: "Həmin partiyalar 3-cü böyük partiya olan İsveç Demokratlarını (SD) "faşist və nasistlər partiyası" adalandıraraq onunla dialoqa girmək istəmir. Amma onsuz da hökuməti formalaşdırmaq mümkün deyil".
"Həm alyans, həm də "qırmızılar" və "yaşıllar" hökuməti qurmaq üçün 51 faiz səs toplamalıdır. Aktual seçkilərdə bu səs faizi toplanılmadı. "Qırmızılar" və "yaşıllar" cəmi 40,6 faiz, alyans isə 40,3 faiz səs toplaya bilib. Bu səs faizi çox aşağıdır və hakimiyyət qurmaq üçün yetərsiz hesab edilir" — o bildirib.
Müsahibimizin sözlərinə görə, belə olan halda, ya faşist adlandırdıqları partiyadan yardım istəməlidirlər, ya da "qırmızılar" və "yaşıllar" alyansla razılığa gəlməlidir: "Amma razılığa gələ bilmirlər. Əgər bunlardan hansısa "faşistlər" kimi qəbul etdikləri partiyadan yardım istsələr, hər birindən seçicilər üz döndərə bilər. Yəni gələn seçkilərdə seçicilərini itirə bilərlər".
Hollenbrand bildirib ki, bu partiyalar İsveç demokratlarını faşist adlandırsalar da, başqa yol olmadığı üçün bir yol tapılacaq: "İnanmıram ki, yenidən seçkilər keçirilsin. Bu seçkiyə çox vəsait ayrılıb. Birincisi, maliyyə departamenti büdcədən pul ayırmaz. İkincisi, "qırmızılar" və "yaşıllar" yenidən seçkilərə getsə, məğlubiyyətə uğrayarlar".
"Yəni yeni seçkilərə getmək sözünü gündəmə gətirmək çox təhlükəlidir. Həm də faşist partiyası kimi qələmə verilən İsveç Demokratları daha çox səs toplaya bilər. Bu, ölkə üçün böyük riskdir. Mənə elə gəlir ki, sosial demokratlar və "yaşıllar" alyansda olan liberallar və Center Partiyadan yardım alıb hökuməti quracaqlar" — təşkilat rəhbəri vurğulayıb.
O əlavə edib ki, İsveçdə azərbaycanlıların vəziyyəti digər etnik qruplardan fərqli olaraq o qədər də pis deyil: "Bütün dünya ölkələri ilə fərqləndirsək, bizim vəziyyətimiz hərtərəfli mənada hamısından yaxşıdır. İnteqrasiya İsveçdə böyük surətlə davam edir. Azərbaycanlılar İsveçin siyasətində böyük həvəslə iştirak edirlər. Nəticə göz qabğındadır".
"Builki seçkilərdə 4 azərbaycanlı — Fərəc Quliyev, Aylin Fazilian, Xalida Marifat və Turan Əliyev iştirak edirdi. Aylin Fazilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib. Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Götaland əyalət şurasına üzv seçilib. Ümid edirəm ki, Fərəc də seçilər. Seçkilər hələ bitməyib. Xaricdə verilən səslər ayın 12-də açıqlanacaq. Yaşadığı bölgələr üzrə yerli millət vəkillərimiz çoxdur. Bir sözlə, İsveçdə olduğu qədər hələ heç bir ölkədə azərbaycanlılar belə gözəl nəticələr əldə etməyiblər" — deyə müsahibimiz əlavə edib.