Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 11 sentyabr — Sputnik. Mədəni irsimizin əsasını təşkil edən muğamlarımız əsrlər boyu Azərbaycan xalqının tanınmasında böyük rol oynayıb. Ölkəmizin təbliğində də bu dəyərli sənət incimizin rolu danılmazdır. Bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərlərin dünya siyahısına daxil olunan muğamın qorunması və təbliği istiqamətində misilsiz işlər görmüş Birinci vitse-prezident Mehriban Əliyevanın təbiri ilə desək, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.
Dilimizi bilməyən əcnəbi xalqların nümayəndələri belə, bu əsrarəngiz musiqi janrının sehrinə düşüblər. Dünyanın bir çox ölkəsindən bir çox millətin nümayəndələri muğamın ahənginə düşmək, sirlərinə bələd olmaq üçün Azərbaycana üz tutublar.
Bu unikal sənətə vurğun olanlardan biri də Qax rayonunun İngiloy Kötüklü kənd sakini, gürcü əsilli Tamazi Canaşvilidir. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olan muğamsevər Azərbaycan dilini mükəmməl bilməsə də, muğamlarımızı heyranlıqla dinlədiyini deyir: "Azərbaycan musiqisini, xüsusi ilə də muğamları dinləməkdən zövq alıram. Xalq mahnılarınız da çox gözəldir. Azərbaycan dilini yaxşı başa düşməsəm də, muğamlardakı sözləri anlamağa çalışıram".
Müsahibimiz traktorçudur, gününün böyük bir hissəsini tarlalarda, taxıl zəmilərində keçirir. Bu çətin işin öhdəsindən gəlməsinə isə muğamlarımız yardım edir: "Traktorla işləmək çox çətindir. Hərdən işimdən bezirəm, əsəbləşirəm. Bu məqamlarda dadıma ancaq muğamlar çatır. Muğamlardakı sözlərə fikir verirəm. Sözlər mənə hər şeyi unutdurur, "aldadır". Digər musiqilərə də qulaq asıram, amma muğamlar qədər yox. Mənə hər şeyi unutdurur, dərdlərimin dərmanı hesab edirəm muğamları".
Muğamı mübaliğəsiz, dünya musiqi xəzinəsinin incisi saymaq olar. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Bu bənzərsiz sənət növünün beşiyi Azərbaycan sayılır.
Daha çox Zeynəb Xanlarovanı dinlədiyini deyən həmsöhbətimizin fikrincə, muğamı təkcə azərbaycanlılar oxuya bilər: "Dünyada dəyərli musiqilər çoxdur. Muğamdan əlavə, türk, gürcü, rus və hind musiqilərini də dinləyirəm. Ətrafımda heç kəs olmayanda çalışıram, hansısa muğamdan zümzümə edim. Sözsüz ki, bu, məndə alınmaz. Muğamı dinlədikcə belə qənaətə gəlirəm ki, digər musiqiləri oxumaq, hardasa mümkündür, amma muğamı oxumaq üçün gərək azərbaycanlı olasan!"
Gürcü muğamsevərlə söhbətimiz əsnasında amerikalı muğam ifaçısı Cefri Verboku da yada salırıq. Tamazinin qənaətincə, Cefri belə, öz üzərində daha çox işləsə, muğamın öhdəsindən gələ bilməz: "Cefrinin ifası məni təəccübləndirmişdi. Amma onun ifasında da yadlıq hiss olunur. O, tarda və ya kamançada ifa edə bilər, amma muğam oxumağa cəhd edə bilməz".
Tamazi düşünür ki, gürcü əsilli müğənni, Azərbaycanın əməkdar artisti Manana Caparidze də illərlə bu sənətdə külüng vurmasına baxmayaraq, muğam oxuya bilməz: "Manana çox gözəl müğənnidir. Azərbaycanca da bəzi azəri müğənnilərindən səlis danışır. Mahnılarını da bəyənirəm. Hər halda, o adı ona elə-belə verməyiblər. Lakin o da muğam oxuya bilməz. Bu, onda alınmaz".
Müsahibimizlə birlikdə işləyən kənd sakinləri də bu zəhmətkeş insanın muğam həvəskarı olmasından danışırlar. Kənd sakini Həzrət Abbasov deyir ki, azərbaycanlı olmasına rəğmən, Tamazi qədər muğam dinləmir.
"Tamazinin muğam həvəskarı olması məni bir azərbaycanlı kimi fərəhləndirir. Bu, bizim üçün fəxrdir. Yeməklərimizi, mətbəximizi, musiqimizi, bir sözlə, bizə aid olan hər şeyi özününküləşdirmək istəyən mənfur qonşularımız üçün Tamazinin fikirləri tutarlı bir cavabdır" – H.Abbasov qeyd edir.