İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 sentyabr — Sputnik. Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq valideynləri məktəb bazarlığı həyəcanı bürüyüb. Hamı çalışır ki, keyfiyyəti yaxşı, qiyməti isə münasib məktəb ləvazimatları alsın.
Elə bu səbəbdən də paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 10-a yaxın məktəbli yarmarkası açılıb. Metroların qarşısında yarmarka çadırları qurulub. Yarmarkalarda məktəbli ləvazimatları — kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılır.
Qeyd edək ki, yarmarkalar metronun "Koroğlu", "Neftçilər", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəriman Nərimanov", "28 May" stansiyalarının giriş-çıxışında yaradılıb. Avqustun 25-dən fəaliyyətə başlayan yarmarkaların qapıları 1 ay alıcıların üzünə açıq olacaq.
Sputnik Azərbaycan-ın əməkdaşı metronun "Elmlər Akademiyası" stansiyası ərazisində qurulmuş məktəbli yarmarkasına, həmçinin "Sədərək" bazarına baş çəkib, satılan məhsulların qiymətlərini öyrənib, satıcı və alıcılarla həmsöhbət olub.
Əvvəlcə onu qeyd edək ki, builki məktəb yarmarkalarında kasadlıq hiss olunur. Elə alıcı baxımından da. Satıcıların sözlərinə görə, yarmarkada qiymətlər digər mağaza və ticarət obyektlərindən ucuz olsa da, alan yoxdur. Kimisi gəlib, sadəcə baxır, kimisi qiymətlərlə maraqlanır, az bir hissə isə nəsə alıb gedir.
Yarmarkadakı satıcı bu vəziyyətdən şikayətlənir: "Elə düşünürdük ki, "Elmlər Akademiyası" metrosstansiyası insanların çox olduğu ərazi olduğu üçün burada satış da çox olar. Amma elə olmadı".
Yarmarkada rəngli qələmlər 2-5 manata, plastilin 1,50 —2,50, pərgar 1,50-3,50, pozan 0,50-2, xətkeş 0.80-1.50, qayçı 1.50-3, ağardıcı 0,90-2, rəngli kağız 1,50-5, rəsm albomu 1,50-5, yapışqan 0,60-2 manata satılır. Dəftərlərin qiyməti, vərəqinin sayından asılı olaraq 80 qəpiyə qədərdir. Sadə qələmlərin qiyməti 30-70 qəpikdir. Qələm qabının qiyməti 5-10, su qabının 5-8 manat, termosun qiyməti isə 8-12 manat arasında dəyişir.
Çantaların qiyməti 17 manatdan başlayır. Satıcılar deyirlər ki, kitablar məktəblərdə pulsuz verildiyi üçün kitab satmırlar.
"Sədərək" ticarət mərkəzində isə qiymətlər müxtəlifdir. Burada çox sayda mağaza olduğu üçün keyfiyyətli və münasib qiymətə məktəbli ləvazimatları da tapmaq mümkündür. Bunun üçün isə bir qədər axtarış etmək lazımdır.
Satıcı Vüqar Məmmədovun sözlərinə görə, məktəbli formasını hesablamasaq, çanta daxil bir uşaq üçün 80-90 manata bütün məktəbli ləvazimatlarını almaq mümkündür.
"Qiymətlər fərqli olduğuna görə, bir uşaq üçün, valideynin istəyindən asılı olaraq, ləvazimatları 90 manata da almaq mümkündür, 300 manata da. Bu, valideynlərin büdcəsindən asılı olan məsələdir. Burada 15 manata da, 150 manata da məktəbli çantası satılır" — deyə satıcı bildirir.
Satıcılarla söhbət zamanı məlum olur ki, hazırda bazarlarda, Çin, Rusiya və Türkiyədən gətirilmiş məktəb ləvazimatları satılır. Keyfiyyətlərini isə qiymətlərinə baxaraq müəyyən etmək olur.
Satıcıların sözlərinə görə, bu il valideynlər daha çox ucuz məhsullara üstünlük verirlər. Bazarda qiymətlər şəhərin mağazaları ilə müqayisədə xeyli fərqlidir. Yəni daha az büdcəsi olan vətəndaşlar bu bazara üstünlük verə bilərlər.
"Sədərək" ticarət mərkəzində sadə qələm 0,20-0,80, rəngli qələm 1,50-12, xətkeş 0,50-1,50, yapışqan 0,30-1, plastilin 1-5, sadə qələm 0,15-0,30, sulu boya 1,20- 5,30, gündəlik 1,50-3 manata satılır. Dəftərlərin qiymətləri isə belədir: 12 vərəqli 0,30, 40 vərəqli 0,60, 50 vərəqli 0,80, 80 vərəqli 1, 100 vərəqli isə 1,20 —1,50 manatdır.