BAKI, 6 sentyabr — Sputnik. Sentyabrın 6-da Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) yeni seçilmiş baş direktoru Fernando Arias ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev arasında ikitərəfli görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığında səfirliyidən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində F.Arias 2017-ci ildə KSQT baş direktoru seçkiləri zamanı Azərbaycanın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.
Qarşılıqlı səmimi söhbət şəklində keçən görüşdə kimyəvi silahların ləğvi ilə bağlı KSQT-nin cari və gələcək fəaliyyəti, Azərbaycanın KSQT-nin İcraiyyə Şurasındakı hazırkı üzvlüyü və 2019-cu ilin II yarısından başlayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, KSQT-nin yeni yaradılacaq laboratoriyası, Azərbaycan və KSQT arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.