BAKI, 5 sentyabr — Sputnik. 1935-ci il sentyabrın 5-də xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslanov (1935 — 27.6.2013) anadan olub.
1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Teatrda məşhur rolları: Dadaşbala ("Hicran"), Mindilli ("Nişanlı qız"); televiziya tamaşaları — "Evləri köndələn yar", "Yaşıl eynəkli adam"; filmləri: "Əhməd haradadır?", "Romeo mənim qonşumdur", "Ulduz", "Yol əhvalatı", "Bəyin oğurlanması", "Mənim ağ şəhərim", "Yuxu", "O dünyadan salam" və s.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.