CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şiə və sünnilərin birgə namaz qıldığı məscid: Orada qalan tələbələr dəli olurmuş...

© Sputnik / Leyla AbdullayevaHacı Cəfər məscidi
Hacı Cəfər məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər

Leyla Abdullayeva — Sputnik Azərbaycan.

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan, artıq dünyada tolerant ölkə kimi tanınır. Respublikamızın dilbər guşələrindən hesab edilən Quba rayonunda isə tolerantlıq özünü daha qabarıq şəkildə göstərir. Bir çox etnik qrupların yaşadığı Qubada istənilən dini cərəyanın nümayəndələri çox mehriban şəraitdə həyat sürürlər.

Bir çox yerlərdə dini cərəyanların məscidləri ayrı olduğu halda, Quba rayonunda bunun əksidir. Rayonda yerləşən tarixi məscidlərdə istənilən təriqətin nümayəndələri ibadətlə məşğul ola bilərlər. Belə müqəddəs məkanlardan biri də "Hacı Cəfər məscidi"dir. Bu məscid digərlərindən bir çox amillərinə görə fərqlənir. Belə ki, məscid pirin üzərində tikilib.

İmam Hacı Elnur Əfəndi Sputnik Azərbaycan-ın bölgə müxbirinə məscid haqqında ətraflı məlumat verib.

© Sputnik / Leyla Abdullayevaİmam Hacı Elnur Əfəndi
İmam Hacı Elnur Əfəndi - Sputnik Azərbaycan
İmam Hacı Elnur Əfəndi

O, əvvəlcə "Hacı Cəfər məscidi"nin tikilməsi haqqında danışıb: "Məscid 1905-ci ildə tikilib. Tikintini Hacı Cəfər adlı şəxs aparıb və ona görə də "Hacı Cəfər məscidi" adlanır. Lakin icma olaraq "Hacı Baba" kimi qeydiyyatdan keçib. Qubada olan tarixi məscidlərdən biri hesab olunur. Hər bir məscidin özünəməxsusluğu olduğu kimi, bu məscidin də kifayət qədər fərqliliyi var. Qubanın mərkəzində, bir neçə məscidin əhatəsində yerləşən "Hacı Cəfər məscidi" ətrafdakı məscidlərdən həm yaranma tarixinə, həm də hal-hazırdakı vəziyyətinə görə seçilir".

İmam daha sonra məscidlə bağlı maraqlı bir faktı diqqətə çatdırıb: "Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, "biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz". Bundan sonra düşmənlər öz bədxah niyyətlərindən əl çəkiblər, soydaşlarımız xilas olublar".

© Sputnik / Leyla AbdullayevaHacı Cəfər məscidi
Hacı Cəfər məscidi - Sputnik Azərbaycan
Hacı Cəfər məscidi

"Hacı Cəfər məscidi" bir çox məscidlər kimi, Qızıl Ordu tərəfindən ələ keçirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunub. 1944-cü ildən sonra isə yenidən din ocağına çevrilə bilib.

Məscidin imamı bu barədə daha ətraflı məlumat verib: "1920-ci ildə torpaqlarımız Qızıl Ordu tərəfindən işğal olunan zaman bir çox məscidlər kimi "Hacı Cəfər məscidi" də bağlanıb və müxtəlif məqsədlər üçün istifadə olunub. İlk olaraq buranı tələbə yataqxanası ediblər. Məscidi yarıdan pərdə ilə ayırıblar. Yarı tərəfdə oğlanlar, yarı tərəfdə isə qızlar qalıb. Burada ədəb-ərkan, etik normalar gözlənilməyib".

İmam Hacı Elnur Əfəndi iddia edir ki, çox keçmədən burada qalan tələbələrin əksəriyyəti dəli olub: "Bunu görən hökumət nümayəndələri buranın yataqxana kimi istifadəsinə son qoyub. Bundan sonra məscidi taxıl anbarı kimi istifadə ediblər. 1944-cü ildə, müharibənin ən qızğın vaxtında məscidin istifadəsinə icazə verilib".

Hacı Elnur Əfəndi söhbət əsnasında onu da vurğulayıb ki, bu məscidin ən gözəl cəhəti burada məzhəbindən asılı olmayaraq, bütün dindarların birlikdə ibadət etmələridir: "Qubada yaşayan həm sünni, həm də şiə məzhəbli dindarlar əl-ələ verərək buranı yenidən təmir edib, bir yerdə ibadət etməyə başlayıblar. Bu gün də bu adət-ənənə davam edir. Bu mehribançılığın səbəbi isə ağsaqqallarımızın dost olmasıdır. Bu günə kimi bu məsciddə iki məzhəb arasında heç bir ixtilaf, qarşıdurma yaranmayıb. Bu nöqteyi-nəzərdən, "Hacı Cəfər məscidi" bütün məscidlərimizə, hətta deyərdim ki, bütün dünyaya örnək ola bilər".

© Sputnik / Leyla AbdullayevaQubada yerləşən məscidlərin hər birinin axundları, imamları "Hacı Cəfər məscidi"nin tələbələridir
Qubada yerləşən məscidlərin hər birinin axundları, imamları Hacı Cəfər məscidinin tələbələridir - Sputnik Azərbaycan
Qubada yerləşən məscidlərin hər birinin axundları, imamları "Hacı Cəfər məscidi"nin tələbələridir

Məscidin imamı Hacı Elnur Əfəndi, axundu isə Mirələsgər ağadır. Hacı Elnur Əfəndi onlara miras qalan bu adət-ənənəni layiqli şəkildə davam etdirdiklərini qeyd edib: "Elə vaxt olur ki, cümə namazı aşura gününü ilə üst-üstə düşüb. Şiə məzhəblilər ucqar kənddən cümə namazı üçün gələn sünni məzhəbliləri nəzərə alıb aşura məclisini tez başa vurublar".

"Məscidin ətrafında yaşayanların əksəriyyəti şiə məzhəbli insanlardır. Məscidin şəraitsiz olduğu vaxtlarda bu insanlar cümə namazına gələn sünni məzhəblilərin dəstəmaz almaları üçün evlərindən vedrəylə isti su daşıyıblar. Çox sevindirici haldır ki, hər iki məzhəb əsl qardaşlıq nümunəsi göstərirlər. Bu vəziyyətin illərdi davam etməsində Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Hacı Allahşükür Paşazadənin də xidmətləri böyükdür" — deyə müsahibimiz əlavə edib.

Söhbət əsnasında onu da öyrəndik ki, Qubada yerləşən məscidlərin hər birinin axundları, imamları "Hacı Cəfər məscidi"nin tələbələridir.

Xəbər lenti
0