BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
RİA Novosti agentliyinin xəbərinə görə, Prezident İlham Əliyev görüş zamanı bir çox məsələlərin müzakirə ediləcəyini bildirib: “Bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, regional problemləri müzakirə edəcəyik. Gündəlikdəki məsələlərin siyahısı çox genişdir”.
Dövlət başçısı görüşün iki ölkənin münasibətlərinin inkişafına pozitiv impuls verəcəyini də qeyd edib.
İlham Əliyev iki ölkə iqtisadiyyatının pozitiv tendensiyasına da diqqət yetirib: “Biz bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən razıyıq. Münasibətlər çox effektiv, tam şəkildə inkişaf edir”.
Vladimir Putin isə öz növbəsində iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını bildirərək, səfərə görə İlham Əliyevə təşəkkür edib: “Bizim çox geniş münasibətlərimiz var və biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlər həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir. Mən çox şadam ki, siz dəvəti qəbul edərək, bu gün Rusiyaya səfər etmisiniz”.