Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var

© Sputnik / Mikhail AlayeddinRusiyalı jurnalist Hələb ətrafında Suriya ordusunun keçirdiyi hərbi əməliyyatı iştirakçısı olub
Rusiyalı jurnalist Hələb ətrafında Suriya ordusunun keçirdiyi hərbi əməliyyatı iştirakçısı olub - Sputnik Azərbaycan
Abunə olmaq
İddialara görə, məxfi görüş Dəməşq Şam Beynəlxalq Hava Limanında baş tutub və 4 saat davam edib

BAKI, 30 avqust — Sputnik. Dəməşq rejimi İdlibdə son illərin ən böyük hərbi əməliyyatına hazırlaşarkən bölgədə ağlasığmaz hadisələr baş verir. Belə ki, kimyəvi silahdan istifadə edərsə, Əsədi vuracağı mesajı verən ABŞ-ın digər tərəfdən rejimlə gizli danışıqlar apardığı iddia edilib.

Suriyada dağıntılar, arxiv şəkli - Sputnik Azərbaycan
Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bu iddia Hizbullaha yaxın Livan qəzeti olan "Əl Əxbar" tərəfindən ortaya atılıb. Məlumata görə, yüksək səviyyəli ABŞ təhlükəsizlik və kəşfiyyat rəsmilərindən ibarət bir heyət iyun ayında Suriya kəşfiyyatının rəhbəri Əli Memluk ilə görüşüb. Görüş Dəməşq Şam Beynəlxalq Hava Limanında baş tutub və 4 saat davam edib.

ABŞ tərəfi bu görüşdə 3 tələb irəli sürüb. Tələblər bunlardır: 1) İran qüvvələrinin Suriyanın cənubundan çıxarılması; 2) Xarici döyüşçülər, o cümlədən ölkədəki terrorçu qruplar haqqında məlumatların təqdim olunması; 3) Suriyanın şərqindəki neft ticarətində ABŞ-a rol verilməsi.

Əli Memluk isə Vaşinqtonla münasibətlər qaydaya salınana qədər təhlükəsizlik məsələlərində əməkdaşlıq etməyəcəklərini bildirib və ABŞ qüvvələrinin ölkədən tam çıxarılmasını istəyib.

Suriya rəhbərliyinə yaxın bir mənbə bu xəbəri təsdiqləyib. Həmçinin, ABŞ kəşfiyyatından iki yüksək səviyyəli rəsmi də "Reuters"ə açıqlamalarında bu iddianı təkzib etməyib. ABŞ Dövlət Departamenti isə iddiaları rəsmi şəkildə təkzib edib.

Digər tərəfdən, Əsəd rejiminə bağlı qüvvələrin silahlı müxaliflərin nəzarətindəki İdlibdə hərbi əməliyyat keçirmək ehtimalı BMT Təhlükəsizlik Şurasında narahatlıqları artırıb. Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında Qərb ölkələrinin nümayəndələri bildiriblər ki, İdlibdə əməliyyat keçirilsə, bölgədə misli görünməmiş fövqəladə vəziyyət yaşanacaq.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi ofisinin rəhbəri Con Ginq də son həftələr bölgədə artan hücumlar nəticəsində humanitar vəziyyətin daha da pisləşdiyini söyləyib. BMT TŞ-nin iclasında ABŞ, Britaniya və Fransa nümayəndələri xəbərdarlıq ediblər ki, Əsəd rejimi kimyəvi silahdan istifadə edərsə, adekvat cavab veriləcək.

Onu da qeyd edək ki, rejimin hücumuna qarşı İdlibdə bölgəyə nəzarət edən müxalif qruplar hazırlıq görürlər.

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində Əsəd rəhbərliyinə İran və Rusiya açıq, Çin isə dolayısı ilə dəstək verir. Azad Suriya Ordusunun rəhbərlik etdiyi müxaliflərin parçalanmasından sonra Əsəd rəhbərliyi ölkənin böyük hissəsinə nəzarəti yenidən təmin edib.

Hazırda Əsədə bağlı ordu silahlı müxaliflərin nəzarətində qalan son ərazidə – İdlibdə əməliyyata hazırlaşır. Dəməşq rejiminin İdlibdə əməliyyata hazırlıq aparmasını Türkiyə tərəfi "fəlakətə yol açacaq addım" kimi qiymətləndirib. Rusiya isə bəyan edib ki, bölgədəki müxalif qruplar saxta bir kimyəvi hücum təşkil edərək ABŞ-ın müdaxiləsinə zəmin yaradacaqlar.

Bu arada, Türkiyə hər hansı bir hücumun qarşısını almaq üçün Suriya ilə sərhəddə qoşun yığmağa başlayıb. Diplomatik mənbələrə görə, İdlibdə toqquşma baş versə, Türkiyə, İran, İraq, İordaniya və Livana yüz minlərlə qaçqın ayaq açacaq, daha sonra onlar Avropa və Çinə yayılacaq.

Xəbər lenti
0