BAKI, 29 avqust — Sputnik. Dolların üzərində yazılmış “In God We Trust” (“Biz Tanrıya inanırıq”) ifadəsinin taleyi həll olunub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ federal məhkəməsi dolların üzərindəki bu ifadənin saxlanılmasına qərar verib.
Minnesota Apelyasiya məhkəməsinin qərarında bildirilir ki, ifadə konstitusiyaya zidd deyil. Bundan əlavə, qeyd edilib ki, ifadədən çoxdan istifadə edilir və heç kimi nəyəsə inanmağa məcbur etmir.
İddia 29 nəfərlik ateist qrupu tərəfindən verilib. İddiada qeyd olunub ki, milli valyuta konstitusiyaya edilən birinci dəyişikliyi pozur. Birinci dəyişiklik vətəndaşların dini azadlıq hüququnu təmin edir və dövlət dini iddiasını qadağan edir.
Qeyd edək ki, Ohaya ştatında yaşayan bir qrup ateist 2016-cı ildə valyutanın üzərindən “Biz Tanrıya inanırıq” ifadəsinin çıxarılmasını tələb etmişdi.
Xatırladaq ki, bu ifadə ilk dəfə dollar üzərində 1864-cü ildə yazılıb. Milli şüar kimi isə 1956-cı ildə qəbul edilib. 2011-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu ifadənin ABŞ-ın milli şüarı olaraq təsdiqlənməsini dəstəkləyiblər.