BAKI, 28 avqust — Sputnik. Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezidentin daha bir sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd aktı törədilib. Hər iki şəxsin baş nahiyyəsinə "Makarov" tipli tapançadanatəş açılıb.
Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb.
İyulun 16-da isə hadisə ilə əlaqədar daha dörd nəfər həbs edilib. Həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir.
Hadisə ilə bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq araşdırmaları hazırda da davam etdirilir. Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir.