BAKI, 27 avqust — Sputnik. Müğənni Roza Zərgərli "oxuyan çoban" kimi tanınan gənc ifaçı Pərvin Səfərovu onunla birlikdə duet oxumaqla dəstəkləyib. Onların oxuduğu mahnı "Görüm yarı" adlanır.
Səfərovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin mahnının sözləri Vüsal İbrahimovun, musiqisi Ruslan Səfəroğlunundur. Səfəroğlu həm də kompozisiyanı aranjeman edib.
Mahnıya verdiyi dəstəyə görə Zərgərliyə təşəkkürünü bildirən Səfərov əmindir ki, "Görüm yarı" sevən cütlüklərin sevimli mahnısı olacaq və bütün toylarda səslənərək hitə çevriləcək.
Pərvin Səfərov Neftçala rayonunda anadan olub. O, beynəlxalq vokal layihəsi olan "O səs Türkiyə"də çıxış edəndən sonra məşhurlaşıb. Layihədə onun hamisi məşhur türk müğənnisi Murad Boz olub. Buna qədər isə Səfərov qoyun otararkən oxuduğu mahnıları "Youtube" kanalında yaymaqla tanınmışdı. 2018-ci ildə Pərvin Azərbaycan Milli Konservatoriyasına daxil olub.
Roza Zərgərli Azərbaycanın tanınmış müğənnilərindən biridir. O, təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də konsert proqramları ilə çıxış edir. Müğənni, həmçinin Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının üzvüdür.
Zərgərli öz gücünü yazıçı kimi də sınayıb. Onun bu yaxınlarda "Sibir çiçəyi" avtobioqrafik romanı təqdim edilib. Roman sevgi, nifrət, xəyanət və ölüm haqqındadır. Kitabda müğənni Azərbaycanın məşhur mədəniyyət xadimləri ilə birgə həyat yolunun necə keçdiyini izah edib. Hazırda Zərgərli yeni "Məcnunsuz Leyli" kitabı üzərində işləyir.