BAKI, 27 avqust — Sputnik. Füzuli rayonunun Böyük Bəhmənli kəndində dəhşətli qətl törədilib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov qaçıb gizlənib.
Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təhvil verilib.
Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Artıq baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.
Rayonun Böyük Bəhmənli kəndində odlu silahla qətlə yetirilən Tumas Musayevin atası Elçin Musayev bildirib ki, cinayət hadisəsi onun şəxsi fermasında ötən gün axşam baş verib. Özü Bakı şəhərində olduğu üçün övladı T.Musayev fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. Hadisənin törədildiyi odlu silah isə onun özünə məxsus olub. E.Musayev silahı fermada heyvanları yırtıcılardan qorumaq üçün saxladığını bildirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.