BAKI, 27 avqust — Sputnik. Son günlər informasiya vasitələrində Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi və bunun nəticəsində ceyranların həyatına təhlükə yaranması barədə yayılan məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Acınohur ərazisi əsasən yarımsəhra bitkilərindən, şoranlaşmış səhra tipindən ibarətdir və kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib.
Nazirliyin məlumatına görə, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda ərazinin 7500 hektarının aqro-texniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınması üçün "Aqroinkişaf-2017" MMC-yə ayrıldığı müəyyən edilib: "Aqrar fəaliyyət həyata keçirilən zaman Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb".
ETSN-dən bildirilib ki, ceyranların qonşu ərazilərdə məskunlaşması ilə bağlı ekoloji məsələlərin prioritet hesab olunduğu şirkət tərəfindən qəbul edilib və Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib: "Kənd təsərrüfatı işlərinin sivil təşkili yolu ilə Nazirliklə birgə ərazidə ekoloji layihələrin həyata keçirilməsi, o cümlədən ceyranların yaşam vəziyyətinin daha da yaxşılaşdırılması üçün su probleminin həlli, yem bazasının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb".
"Eyni zamanda, Acınohur gölünün cənubunun və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə ceyranların yem bazasınıın azalması, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ETSN tərəfindən Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub" — deyə nazirlikdən qeyd olunub.
ETSN əsl vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycan təbiətinin incisi hesab olunan ceyranların mühafizəsi üçün həyəcan təbili çalan hər bir ictimaiyyət nümayəndəsinə təşəkkürünü bildirir və təbiətin qorunmasında əməkdaşlığa xüsusi önəm verir.