BAKI, 27 avqust — Sputnik. "İnternyus Azərbaycan İctimai Birliyi"nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstəyi ilə həyata keçirdiyi "Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi" mövzusunda layihəsinə yekun vurulub. Bir neçə ay davam edən layihənin yekununda jurnalistlərlə görüş keçirilib, media nümayəndələrinə yekun haqqında məlumatlar verilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə iştirak edən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Azərbaycanda Ekologiyaya ciddi diqqət ayrıldığını qeyd edib. O, bildirib ki, Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Hər bir vətəndaşın da borcudur ki, bu sərvətləri qorusun: "Gəlin sərvətlərimizin qədrini bilək. Media nümayəndələri də bizə bu cür təbliğatlar aparmaqda kömək etsələr uğurumuz daha çox olar".
Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə çıxışında deyib ki, onlar vətəndaş cəmiyyəti olaraq insanları bu sahədə maarifləndirirlər: “Vətəndaşların ekologiya sahəsində ola problemlərin aradan qaldırılması üçün maarifləndirmə işləri aparırıq. Bu bizim işimizdir. Düşünürəm ki, daha çox maarifləndirmə işləri aparmaq istəyiriksə, media da bizə dəstək olmalıdır. Problemlər çoxdur, onları bir-bir həll etməliyik və ətraf mühiti qorumalıyıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai əlaqələr şöbəsinin sektor müdiri Şövkət Bəkirov çıxışı zamanı deyib ki, nazirlik olaraq bu mövzulara həssas yanaşırlar: “Biz də mütəmadı olaraq əhali arasında maarifləndirmə işləri aparırıq. Çalışırıq ki, ekologiya daha da qorunsun. Bu vacib məqamlardan biridir”.