BAKI, 21 avqust — Sputnik. Türkiyədə mövsümi işçi olaraq çalışan 42 yaşlı Rauf Əhmədov dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, quduzluq diaqnozu qoyularaq karantin altında olan azərbaycanlı xəstəxanada ölüb.
Məlumata görə, 3 ay əvvəl Türkiyəyə gələrək, pomidor sahəsində çalışan Rauf Əhmədovu Azərbaycanda it dişləyibmiş.
Rauf Əhmədov avqustun 12-də baş ağrısı və qollarında keyimə səbəbilə xəstəxanaya müraciət edib. Əhmədova quduzluq diaqnozu qoyulandan sonra onun yaxınlarına və xəstəxana əməkdaşlarına quduzluğa qarşı peyvənd vurulub. R. Əhmədov evli və iki uşaq atası olub.
R. Əhmədovun cənazəsi bu gün Azərbaycan-a göndəriləcək.