BAKI, 20 avqust — Sputnik. Səudiyyə Ərəbistanı hökumətinə aid "Okaz" qəzeti Türkiyədə mümkün çevriliş cəhdinə işarə edərək, baş verəcək çevrilişin uğurlu olacağını bildirib.
Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, sözügedən qəzetdə müəllif Əhməd Azen regionda, ümumiyyətlə, hərbi çevriliş havasının olduğunu söyləyərək, baş verəcək çevrilişlərin bu dəfə uğurlu olacağını vurğulayıb.
Türkiyənin yeni bir liderə ehtiyac duyduğunu və böyük bir böhrandan keçdiyini yazan qəzet, "Cənab Ərdoğan Türkiyə xalqı üzərindəki təsirindən istifadə edərək iqtisadi böhrandan çıxmaq istəyir. Ancaq bu, uğurlu olmayacaq" ifadəsindən istifadə edib.
Xatırladaq ki, daha əvvəl reallaşan 15 iyul dövlət çevrilişinə cəhddə də bütün diqqətlər Birləşmiş Ərəb Əmirliyinə və Səudiyyə Ərəbistanına çevrilmişdi.
Sabiq Qətər əmiri Əhməd əl Sani Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Səudiyyə Ərəbistanını çevrilişə yardım etməkdə ittiham etmişdi.