CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların adı Quranda da çəkilir - Cənnət paltarını hazırlayırlar

© Sputnik / Shahperi Abbasovaİpəkqurdu
İpəkqurdu - Sputnik Azərbaycan
Abunə olmaq
“Baramaya 40 gün əziyyət çəkirsən, bu 40 gün bir ilə bərabərdir”

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. İpəkqurdunu tanrının möcüzələrindən biri hesab etmək olar. Bəşər tarixi yaranandan bu möcüzəli həşəratın insanlara çox böyük faydaları olub. Təsadüfi deyil ki, Qurani-Kərimdə cənnətin təsvir edildiyi ayələrdə, cənnət paltarlarının ipəkdən olduğu izah edilir.

Barama qurdunu bəsləmək, onu barama halına çatdırmaq çox qəliz və olduqca səbir tələb edən iş olsa da, azərbaycanlılar ta qədimdən ipəkçiliklə məşğul olublar. Buna sübut olaraq Oğuz rayonunun e.ə. II minilliyə aid Kərimli kurqanından tapılan, hökmdarın arvadının qulağındakı qızıl sırğanı göstərə bilərik. Bu sırğa ipək qurdu təsviri şəklində olub.

© Sputnik / Shahperi Abbasovaİpəkqurdu
İpəkqurdu - Sputnik Azərbaycan
İpəkqurdu

Sovetlər dönəmində də Azərbaycan ipəkçilik sahəsində öndə gedən respublikalardan biri olub. O dövrün sayılıb-seçilən kümdarlarından biri də Əfruz Əhmədovadır. Əfruz xanım Qax rayonunun İbaxlı kəndində yaşayır. O, 50 il barama qurdu bəsləyib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Əfruz xanımın qonağı olub. Əfruz nənə bu işin olduqca çətin və səbir tələb edən iş olduğunu bildirib: "13 yaşımdan barama götürmüşəm. Olduqca çətin işdir, həm də bu işdə gərək təmkinli olasan”.

“Barama qurdu o qədər həssas həşəratdır ki, gərək ona xüsusi diqqət göstərəsən. Müəyyən temperaturda saxlamaq lazımdır. Bu həşərat o qədər zərif canlıdır ki, yad qoxu belə, onu məhv edə bilər. Onu həm də digər həşəratlardan qorumaq da vacibdir" – deyə Əfruz nənə əlavə edib.

© Sputnik / Shahperi AbbasovaBarama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir
Barama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir - Sputnik Azərbaycan
Barama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir

Əfruz nənənin dediyinə görə, evlərini məhz baramadan, tütündən gələn gəlirlə tikiblər: "14 yaşımda elə bir evə gəlin gəlmişdim ki, orada yaşamaq qeyri-mümkün idi. Barama və tütünün hesabına ev-eşik sahibi olduq".

Cəmi 2 il məktəbə getməsinə baxmayaraq, Əfruz nənə baramaçılıq sayəsində rayonun ən tanınmış simalarından biri olub. "Qabaqcıllardan, rayon və kənd sovetinin deputatı olmuşam. İndikilər ali məktəb oxuyurlar, amma 2 kəlməni birləşdirib danışa bilmirlər. Amma mən hər iclasda tribunada çıxış edirdim. "Qırmızı əmək bayrağı", "Lenin" ordenləri ilə təltif olunmuşam. Bundan başqa, mənə "Qaz 24", "Jiquli" hədiyyə ediblər".

Qocaman kümdar son illər ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı aparılan tədbirləri müsbət qiymətləndirib: "Çox sevinirəm ki, yenidən baramaçılıq qayıtdı. Bu, çox vacibdir. Həm ölkəmiz üçün, həm də əhali üçün mənfəətdir".

"Gənclər rahatlığa qaçır, hamısı xarici ölkələrə ya da paytaxta gedir. Amma mən övladlarıma icazə verməmişəm. Kəndlərdən getməkdənsə, burada torpağa bağlansınlar. İşləyən burada da işləyəcək. Mənim övladlarım da bu il barama götürüblər" — deyə əlavə edib.

Rayonun digər məşhur kümdarlarından biri də İsmayıl Abdullayevdir. Hazırda 83 yaşında olan İ.Abdullayevi yaşadığı Qaratala kəndində ziyarət etdik.

© Sputnik / Shahperi AbbasovaƏfruz nənə və ailəsi
Əfruz nənə və ailəsi - Sputnik Azərbaycan
Əfruz nənə və ailəsi

Məşhur baramaçı vacib bir məqamı diqqətə çatdırdı. Bildirdi ki, Sovet dövründə insanları həvəsləndirmək üçün hədiyyələr, mükafatlar verilsə də, barama kəndlilərdən çox ucuz qiymətə alınırdı: "O dövrdə qəzetlər, jurnallar bizdən yazırdı. Mükafatlar alardıq. Mən rəhmətlik xanımım Minayətlə birlikdə hər il 280-350 kiloya qədər barama verirdik Bu işi tək görmək mümkün deyil. Övladlarımız da bu işdə bizə yardım edirdi”.

“Baramaya 40 gün əziyyət çəkirsən. Bu 40 gün bir ilə bərabərdir. Bu iş insandan böyük səbir tələb edir. Əbəs yerə Şeyx Nizami deməyib: "Səbir elə, halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından” – deyə İsmayıl baba vurğulayıb.

Adətən yaşlı insanlar Sovet dövrünün xiffətini çəkir. Amma İsmayıl baba başqa cür düşünür: "Kim nə deyir desin, mən bu yaşıma qədər belə bir qənaətə gəlmişəm ki, ağıllı, işgüzar insan o dövrdə də yaxşı yaşayıb, bu dövrdə də. Amma kolxoz sisteminin bir müsbət cəhəti var idi ki, hər kəsi məcbur işlədirdi".

© Sputnik / Shahperi Abbasovaİsmayıl Abdullayev
İsmayıl Abdullayev  - Sputnik Azərbaycan
İsmayıl Abdullayev

"Kolxoz baxmırdı, sən xəstəsən, ya işləmək istəmirsən. Hamını işlədirdi, əli körpəli anaları, hamilə qadınları, xəstələri… Bəlkə də belə lazım idi. İndi işsiz insanlara baxıram, deyirəm, o dövr lazımdı ki, bu gənclər işsiz, evsiz qalmasınlar" – qocaman kümdar deyib.

Qeyd edək ki, dövlət başçısının tapşırıqlarının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Cari ildə Çin Xalq Respublikasından müqavilə əsasında 13000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb və Respublikamızın iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib.

Bu il Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verilib. Stansiyanın istifadəyə verilməsi ilə Azərbaycan özünü hibrid ipəkqurdu ilə tam təmin edəcək. Bir ildən sonra Azərbaycana xaricdən hibrid ipəkqurdu toxumları gətirilməyəcək.

Xəbər lenti
0