BAKI, 18 avqust — Sputnik. Səudiyyə Ərəbistanı PKK terror təşkilatına 100 milyon dollar yardım ayırıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının iyulun 12-də Brüsseldə keçirilən İŞİD-ə qarşı qlobal Koalisiyanın toplantısında Suriyada terror təşkilatından alınan şimal-şərq bölgələri və Rakkanın yenidən bərpa edilməsi üçün 100 milyon dollar bağışladığı açıqlanıb. Qeyd edək ki, sözügedən ərazilər PKK-nın bir qolu olan YPG-nin vacib hissəsi sayılan SDG-nin nəzarəti altındadır.
Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirliyi "bu məbləğ həyat qurtaracaq, yerindən, yurdundan olmuş suriyalıların geri qayıtmasını təmin edəcək və İŞİD-in Suriyanı və qonşularını təhdid edərək yenidən ortaya çıxmamasını, beynəlxalq hücumlar planlamamasını təmin edəcək" — deyə açıqlama verib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Nauret isə Vaşinqtonun "comərd hədiyyə"dən şad olduğunu deyərək, təşəkkür edib. ABŞ XİN-i İŞİD-dən azad edilmiş bölgələr üçün ümumilikdə 300 milyon dollar toplandığını açıqlayıb.
Səudiyyə Ərəbistanın ayırdığı məbləğə bölgədə əkinçilik, təhsil, yolların salınması, dağıntıların aradan qaldırılması və s. bu kimi sahələr xərclənəcəyi bildirilib.
Səudiyyə Ərəbistanının Rakka mövzusunda ABŞ və YPG terror təşkilatı ilə eyni mövqedən çıxış etməsi yeni hadisə deyil. Belə ki, Səudiyyə Ərəbistanının körfəz işləri naziri Samir əs-Səbhan 2017-ci ilin oktyabr ayında ABŞ-ın İŞİD-lə mübarizə xüsusi təmsilçisi Brett Mak Kruk ilə birgə Rakkanın Ayn İsa bölgəsi və bəzi kəndlərinə səfər etmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərinin də Rakka üçün 50 milyon dollar yardım edəcəyi açıqlanıb.
Xatırladaq ki, İŞİD Rakkanı 2014-cü ildə ələ keçirərək 3 il əlində saxlayaraq paytaxt elan etmişdi. ABŞ-ın liderliyi ilə qurulan kürdlərdən ibarət SDG isə 2017-ci ilin iyununda Rakkada əməliyyata başlamış və bir neçə ayda ərazini nəzarəti altına almışdı.
YPG terror təşkilatının əsas hissəsi olan SDG hakimiyyəti ələ aldıqdan sonra bölgədən insan haqlarının pozulmasına dair çoxsaylı məlumatlar daxil olur.
Qeyd edək ki, Türkiyə YPG-ni PKK terror təşkilatının bir hissəsi sayır və Türkiyədə 30 ildən çoxdur terror həyata keçirərək qan tökən bu təşkilata hər hansı bir dəstəyin verilməsinin əleyhinə çıxır.