BAKI, 18 avqust — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko hökumət rəhbərliyini dəyişib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, yeni baş nazir İnkişaf Bankının keçmiş rəhbəri Sergey Rumas təyin edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilib. Rumas 2014-cü ildən bu postda olan Andrey Kobyakovu əvəz edib.
Bundan başqa, Lukaşenko hakimiyyətdə digər kadr dəyişiklikləri də edib. O, baş nazirin birinci müavini postuna indiyə kimi Nazirlər Kabinetinin aparatının rəhbəri olmuş Aleksandr Turçini təyin edib.
"Belneftkimya" konsernin rəhbəri İqor Lyaşenko baş nazirin müavini təyin edilib. O, indiyə qədər Vladimir Semaşkonun məşğul olduğusənaye və yanacaq-enerji kompleksi işlərini kurasiya edəcək.
Vladimir Kuxarev də baş nazirin müavini təyin edilib. O, bu günə qədər ölkənin Dövlət Nəzarət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Bundan sonra Kuxarev inşaat, mənzil və kommunal xidmətlərə, nəqliyyata nəzarət edəcək.
Lukaşenko baş nazirin müavini postuna Belarusun Rusiyadakı səfiri İqor Petrişenkonu da gətirib. O sosial sahəyə — səhiyyə, təhsil, mədəniyyət və idman sahəsinə cavabdeh olacaq.
Prezident bir neçə naziri də təyin edib. Mətbuat xidmətinin məlumatına görə, arxitektura və tikinti naziri Dmitri Mikulenok, sənaye naziri postuna Pavel Utyupin, rabitə və informasiya naziri postuna Konstantin Şulqan, iqtisadiyyat naziri postuna Dmitri Krutoy təyin edilib. Dövlət Hərbi Sənaye Komitəsinin sədri postuna Roman Qolovçenko gətirilib.