BAKI, 18 avqust — Sputnik. Gəncə şəhərində həyat yoldaşını və qayınatasını qətlə yetirən şəxs saxlanılıb.
Sputnik Azərbaycan-ın məluimatına görə, bu barədə "Report"a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 18-i saat 01 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Məsim Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanı qəsdən öldürmək məqsədi ilə sonuncuların Gəncə şəhərində yaşadıqları ünvana gələrək odlu silahdan atəş açmaqla öldürərək hadisə yerindən özünə məxsus avtomobillə qaçması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib.
Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.