BAKI, 18 avqust — Sputnik. Türkiyədə işləyən azərbaycanlı dəhşətli xəstəliyə yoluxub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqalada mövsümü işdə işləyən 42 yaşlı Rauf Əhmədov baş ağrısı və qollarında keyimə şikayəti ilə Bayramiç Dövlət Xəstəxanasına gedib.
Quduzluq diaqnozu qoyulan R. Əhmədov reanimasiya şöbəsinə yerləşdirilib. Onu Türkiyəyə getməmişdən öncə it dişlədiyi məlum olub.
Məlumata görə, Əhmədov 3 aydır ki, Çanaqqalanın Bayramiç ilçəsində yaşayan qohumlarının yanına gələrək, burada pomidor tarlalarında işləyirmiş.
R. Əhmədova quduzluq diaqnozu qoyulduqdan sonra onunla bir yerdə yaşadığı 10 yaxınına da quduzluğa qarşı peyvənd vurulub. Hazırda R. Əhmədov karantin altındadır və vəziyyəti ağırdır.