Aleksey Stefanov, Sputnik
BAKI, 17 avqust — Sputnik. Məşhur Azərbaycan şairi və tərcüməçisi İlham Bədəlbəylinin oğlu Timur Bədəlbəyli Moskvada doğulub və özünün də dediyi kimi "ailənin Moskva əsilli ilk üzvü olub". Timura qədər Bədəlbəyli ailəsində aktyor olmayıb.
Zinger Salman və Boris Zingerman
Timur Bədəlbəylinin valideynləri həkim işləyiblər. Ulu babası Salman Rəhbərli "Zinger & Co" Səhmdar Cəmiyyətinin Salyan bölməsinin rəhbəri olub. Hətta onun ləqəbi Zinger Salman olub. Azərbaycanda vətəndaş müharibəsi başlayana, XI Qızıl Ordu gələnə və sovet hakimiyyəti qurulana qədər bu ailə varlı olub. Aktyorun sələfləri repressiyadan möcüzə nəticəsində canlarını qurtara biliblər.
"Ailə ənənəsi göstərir ki, inqilaba qədər ulu babamın Kürün sahilində malikanəsi olub. Bir dəfə ona deyiblər ki, orada hansısa inqilabçı gizlənir. Amma babam onu qovmayıb, yazığı gəlib. Hökumətin əlinə də verməyib. Sonra məlum olub ki, həmin inqilabçı Koba ləqəbli İosif Cuğaşvilidir. Bu əfsanə tarixi faktlarla nə dərəcədə üst-üstə düşür, bilmirəm, lakin rəhbər-tiranın bioqrafiyasının Azərbaycan səhifəsi yetərincə dumanlıdır. Hər halda mənim atam həmin tarixçəni məhz belə danışıb" — Timur Bədəlbəyli deyir.
Əlbəttə ki, sovet hakimiyyəti babamın malikanəsini əlindən alaraq milliləşdirib, babam özü isə sıravi mühasib işləməyə başlayıb. Maraqlıdır ki, onun ləqəbi çox illər keçəndən sonra da yeni qüvvə ilə səslənir. Atası özünün gələcək həyat yoldaşı olacaq moskvalı qızla görüşəndə, məlum olub ki, onun atasının soyadı Zingermandır. Beləliklə, Zinger Salmanın nəvəsi ilə Boris Zingermanın qızı birləşib.
Bununla belə, Timur Bədəlbəyli ailəsi haqqında elə də çox şey bilmir. Çoxları əmindir ki, onun yaxın qohumları arasında SSRİ xalq artisti, bəstəkar və pedaqoq Fərhad Bədəlbəyli də var: "Biz uzun illər qohumluq dərəcəmizi ayırd etməklə məşğul olduq, lakin heç cür ayırd edə bilmədik. Axırda yorulub öz aramızda razılaşdıq ki, biz qohumuq. Beləliklə, biz bir-birimizə belə münasibət bəsləyirik: Fərhad mənə sadəcə qardaşoğlu deyir, atamla isə bir-birilərini qardaş sayırlar. Bizim çox isti münasibətlərimiz var".
Timur niyə aktyor olmaq qərarına gəlib, onu bilmir. Ola bilsin burada onun ana tərəfdən olan babasının — Boris Zingermanın xidməti var. O, görkəmli mədəniyyətşünas, rus və dünya teatrşünaslığının korifeyidir.
"Mən öz yaradıcılıq tərbiyəmə görə ona çox şey borcluyam. Məni hələ uşaqlıqdan təlxək və artist adlandırırdılar. Mənim əylənmə şəklim hamının xoşuna gələrdi. Uşaqların "Timur, bizi güldür" sözləri hələ də qulağımda cingildəyir. Görünür, hər şey qabaqcadan düzülüb-qoşulmuşdu. Baxmayaraq ki, Teatr İnstitutuna getməyə də bilərdim. Çünki xüsusi fransız məktəbində oxumuşdum, fransızca pis bilmirdim, şəhər ədəbiyyat olimpiadalarında mükafatlar almışdım. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hüquq fakültəsinə girməyi düşünürdüm, amma teatrı seçdim" — deyə aktyor xatırlayır.
Azərbaycan kinosu: səviyyə hələ ki, o səviyyə deyil
Timur axırıncı dəfə Bakıda iyunun axırlarında olub. Özünün də dediyi kimi, tarixi vətənini ziyarət etmək üçün bəzi işləri həll etmək fürsətindən bəhrələnib. O hələ də Bakını sevir, lakin hesab edir ki, şəhər özünün keçmiş koloritini itirib.
"Bugünkü Bakıdan zövq almamaq mümkün deyil. Şəhər öz obrazını dəyişib, həm Şərq, həm də Qərbdən çox şey götürüb. Amma məni Bakıya kiçik yaşlarımda gətirirdilər. O vaxtlar onu necə görmüşdümsə, elə də sevirdim. Hazırda o vaxtkı yerlərini çoxu sadəcə yoxdur. Bu, təəssüf doğurur, mən buna görə çox üzülürəm. Yeganə təsəlliedici olan odur ki, rejissor Oleq Səfərəliyev və ssenari müəllifi, prodüsser Rüstəm İbrahimbəyovun sayəsində zamanında "Əlvida, cənub şəhəri" filmi çəkildi. Orada baş rolu mən oynayıram. Yeri gəlmişkən, orada mən Azərbaycan dilində danışıram. Bu film beynəlxalq kino festivallarında çoxlu prizə layiq görülüb. Kişi baş rol ifaçısı olaraq mən də. Hadisələrin 1988-2000-ci illərdə cərəyan etdiyi bu film sayəsində artıq Bakının yoxa çıxmaqda olan siması kino lentində qalıb. Və bu da az diqqətəlayiq deyil ki, bütün bunlar bəstəkar Siyavuş Kəriminin gözəl musiqisinin sədaları altında baş verir" — deyə Timur Bədəlbəyli bildirib.
"Əlvida, cənub şəhəri" aktyorun çəkildiyi yeganə Azərbaycan filmi deyil. Timur həmçinin rejissor Rüstəm İbrahimbəyovun Nika" kino mükafatını almış "Kabusun gözüylə" və 1981-ci ildə lentə alınmış eyni adlı filmdəki hadisələrin davamını əks etdirən "Qorxma, mən səninləyəm-2" (rejissor Yuli Qusman) filmlərində də çəkilib.
"Kimin nə deməsindən asılı olmayaraq, "Qorxma mən səninləyəm-2" filmi kifayət qədər əyləncəli alınıb və müstəqil bir iş kimi ortaya çıxıb. Yuri Solomonoviçin ünvanına bir sıra iradlar səsələndirildi. Halbuki ki, bir şeyin davamını çəkərkən bunlardan qaçmaq mümkün deyil. Hesab edirəm ki, onların iradları tamamilə əsassızdır. Bununla belə, publikanın sevimliləri olan Lev Durov və Muxtarbek Qantəmirovu ekrana çıxarmaq ideyası gözəl və təqdirəlayiq idi. Təəssüf ki, indi onlar həyatda yoxdurlar. Heç də həmişə hər şey kommersiya maraqları baxımından qiymətləndirilməməlidir. Mən bu filmdə keçmiş hərbi kəşfiyyatçı olan supermeni oynamışam" — deyə Timur bildirib.
Bədəlbəyli Azərbaycanın əməkdar artisti adını məhz Azərbaycan kinematoqrafında iz qoyduğuna görə alıb. Baxmayaraq ki, aktyorun sözlərinə görə, milli kinonun vəziyyəti daha yaxşı ola bilərdi.
"Bu dəfəki gəlişimdə mən qohumlarla yanaşı kino sənayesi ilə əlaqədar olan insanlarla da görüşdüm, onların söhbətlərinə qulaq asdım. Demək olmaz ki, respublikada kinematoqraf yüksək səviyyədədir. İstərdim ki, Azərbaycanda kino incəsənət növlərindən biri kimi inkişaf etsin. Söhbət təkcə puldan getmir, həm də entuziam və istedadlı yanaşmadan gedir. Gənc rejissor Rüfət Həsənov 2013-cü ildə qəpik-quruşa "Buqələmun" filmini çəkib. Onda adama elə gəlirdi ki, Azərbaycan kinosuna intibah dövrü gələcək. Amma hələlik bu baş verməyib. Təəssüf ki, Oleq Səfərəliyev heç nə çəkmir, halbuki o, səviyyə nümayiş etdirə bilər. Heç olmasa, nəyisə yaxşıya doğru dəyişmək mümkündür. Bilirəm ki, Azərbaycanda çoxlu seriallar çəkilir. Lakin təəssüf ki, mən onları görməmişəm və dil baryeri də onları real qiymətləndirməyimə mane olur" — deyə aktyor izah edib.
Əlvida, Taqanka?
Taqankadakı Moskva dram və komediya teatrının truppasına Timur Bədəlbəyli 1994-cü ildə, Boris Şukin adına Ali Teatr Məktəbində Yuri Lyubimovun kursunu bitirən kimi gəlib. Lakin tezliklə özünün də dediyi kimi, nəsə qəribə bir şeyə çevrilən doğma tearın divarları arasını tərk edib.
"Dekabrda mən öz doğma səhnəmdən ayrıldım. Mən saxtakarlıqlarla, əclaflıqlarla, bürokratik kağız cəfəngiyyatları ilə dolu olan bu çox bayağı tarixin xırdalıqları içinə girmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, mənim teatrın yeni direktoru İrina Apeksimova ilə münasibətlərim alınmayıb." — deyə Bədəlbəyli bildirib.
Üstəlik aktyorun həyatındakı bu sadə olmayan hal ona gətirib çıxarıb ki, o, özünü tamamilə kinoya həsr edib və heç vaxt teatrda xoş qarşılanmayıb. Və budur, Timur bu müsahibəyə Yekaterinburqdan — sovet qızıl hasilatındakı münaqişələrdən bəhs edən "Laginin qızılları" serialının çəkilişindən gəlib.
"NTV-nin sifarişi ilə çəkilən bu film üzərində köhnə peşəkar məktəbin yaxşı nümayəndəsi olan gözəl rejissor Leonid Belozoroviç işləyir. Burada ekranda 1982-ci il, keçmiş dövr, kostyum filmi və artıq digər xarakterlər və tiplər olacaq. Belə filmlərdə oynamaq hər zaman maraqlıdır. Özü də mən o dövrü yaxşı xatırlayıram. 2-ci sinifdə oxuyurdum və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi yoldaş Brejnevin öldüyü gün yaddaşıma həkk olunub: bayraqların üzərində qara lentlər, təxirə salınmış dərslər, televizorda çoxlu klassik musiqi… Üstəlik, bir dəqiqəlik sükut vaxtı sinif yoldaşımın dediyi sözlər. Sinif rəhbəri hamının ayağa qalxmasını xahiş edəndə, sinif yoldaşım mənə əminliklə bu ifadəni pıçıldadı: "Vəssalam, indi müharibə başlayacaq". Mən qorxmuş vəziyyətdə soruşdum: Niyə? O isə sərt cavab verdi: "Çünki hər şeyin qabağını o alırdı". Bundan sonra göz yaşı tökməyə çalışdım. Mən onda çox qorxmuşdum. Axı bizi militarist atmosferdə böyütmüşdülər və hamı qorxurdu ki, nüvə müharibəsi başlayacaq" — Timur deyir və əlavə edir: "Hazırda real həyatda həmin təklif olunan şəraitdə olmağı heç də istəməzdim…".
Sözügedən filmdə Bədəlbəyli Aleksandr Baluyevin oynadığı baş qəhrəman Laginin əks mövqeyində olan mənfi qəhrəmanı canlandırır. Çəkilişlər oktyabr ayına qədər davam edəcək.
"Biz canlı təbiətin qoynunda — meşələrdə, dağ yamaclarında çəkilirik. Mədənin çox gözəl dekorasiyasını qurmuşuq. Bu kadrlar birbaşa ekranda görünəcək. Ümid edirəm ki, bu, ovsunlayıcı hekayə olacaq" — deyə Timur Bədəlov fikrini tamamlayır.