Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 17 avqust — Sputnik. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini 48 yaşlı Elvin Abdullayev saxlanılıb.
Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu, 2 kisədə qurudulmuş marixuana, yaşadığı evdən isə 23 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.