Hər il avqustun 17-də, görkəmli ifaçı və bəstəkar Müslüm Maqomayevin doğum günündə onun Bakıdakı Fəxri Xiyabandakı məzarı ziyarət edilir.
Həmin gün səhər tezdən insanlar Fəxri Xiyabana gələrək əfsanəvi müğənni və bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin məzarına çiçək qoyur və onun xatirəsini yad edirlər. Hətta bu böyük şəxsiyyətin xatirəsini yad etməyə onun yaxın xaricdəki pərəstişkarları da gəlir.
Hər il onun doğum günündə dahi sənətkarın xatirəsini yad etmək üçün həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya da Bakıya gəlir. O, bu gün də Fəxri Xiyabanda idi. Onunla birlikdə Müslüm Maqomayevin xatirəsini yad etməyə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, Azərbaycanın xalq artisti Eldar Quliyev, dövlət xadimləri, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, eləcə də sənətkarın heyranları gəlib.
Toplaşanlar Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüblər, onun məzarına çiçək dəstələri və əklillər qoyublar.
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano sinfini, sonra isə musiqi məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının vokal siniflərini bitirib. 1963-cü ildə Maqomayev öz konserti ilə Moskvanı fəth edib. Onun uğurları dildən-dilə düşüb. O, təkcə estrada mahnılarını deyil, opera əsərlərini də sərbəst şəkildə ifa edib. 1964-cü ildə Maqomayev Milanın "La Skala" opera teatrına birillik təcrübə toplamağa gedib.
1997-ci ildə Günəş sistemindəki astronomlara 1974 SP1 nömrəsi ilə tanış olan kiçik planetlərdən birinə onun adı verilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci il tarixində 66 yaşında dünyasını dəyişib. O, Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Əgər yaşasaydı, bu il onun 76 yaşı olacaqdı.