İlham Əhmədov Sputnik Azərbaycan
BAKI, 17 avqust — Sputnik. Torpaq sürüşməsi Şamaxı şəhərinin 48 a məhəllə sakinlərini çətin duruma salıb. Sputnik Azərbaycan-a danışan məhəllə sakinlərinin sözlərinə görə, son günlər ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. Sürüşmə zamanı dağlardan gələn torpaq qatı sakinlərin evlərinə xeyli ziyan vurub.
Belə ki, bəzi sakinlərin evləri və həyətlərdə olan yardımçı tikililər torpaq qatının axması nəticəsində uçub. Sürüşmə zamanı həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Sakinlər öz hesablarına ağır texnikalar vasitəsi ilə ərazidə torpaqdan bənd yaratsalar da, çətinlik aradan qalxmayıb.
Kənd sakini Qahir Rzayev ərazidə bu vəziyyətin iki ildir hökm sürdüyünü bildirib: “Sürüşmə zamanı torpaq qatının altı axır, evlərin hamısı sürüşür. Sürüşən evlər uçub torpağın altında qalır. İndi havalar quraqlıqdı deyə, sürüşmə üzdə bilinmir, amma torpağın altında sürüşmə gedir. Yağış yağan zaman burdakı hər bir ev üçün təhlükə böyüyür. Yağış yağan kimi yollar da bərbad hala düşür, sürüşə-sürüşə gedir”.
Məhəllədə bir neçə ev yaşamaq üçün yararsız hala düşdüyündən evlərin sakinləri qohumlarının evinə sığınıb. Bəzi evlər isə yararsız olsa da, sahibləri evlərini tərk etmək niyyətində deyil. Elə evlər var ki, sürüşmələr nəticəsində ortadan ikiyə bölünüb, yaşamaq üçün tam təhlükəlidir, ancaq sakinlər həmin evdə yaşayırlar.
Məhəllə sakinlərinin iddia etdiyinə görə, təhlükə ilə bağlı aidiyyatı orqanlara məlumat versələr də, ərazidən torpağın təmizlənməsi işi hələ də aparılmayıb.
Yaranmış təhlükəli vəziyyətin nə zaman aradan qalxacağı ilə bağlı ətraflı məlumat almaq üçün Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, torpaq sürüşməsi səbəbindən Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birgə 528 evdə irili-xırdalı çatlar əmələ gəlib. 142 ev isə yaşamaq üçün yararsız hesab edilir.
Konkret olaraq 48 a məhəlləsində baş verən sürüşmə sahəsi ilə bağlı isə RİH-dən şifahi olaraq bildirildi ki, sözügedən əraziyə baxış keçirilib. Və bu barədə sənədlər hazırlanaraq aidiyyatı üzrə qurumlara göndərilib. Amma sakinlərin evlə təmin edilməsi, onların köçürülməsi, eyni zamanda ərazidə işlərin görülməsi rayon icra hakimiyyətinin gücü və səlahiyyəti daxilində deyil.
Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.