BAKI, 16 avqust — Sputnik. Təhsil eksperti Kamran Əsədov bir çox valideynləri və abituriyentləri düşündürən suala — dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqqında kimlərin azad olması məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, K.Əsədov bu barədə öz facebook səhifəsində yazıb.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. (Ancaq dövlət təhsil müəssisələrində).
“Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər” — deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri də təhsil müddəti ərzində təhsil haqqından azad edilir. Eyni zamanda “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilir.
“Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş); Tələbənin və hər iki valideyninin şəxsiyyət vəsiqələrinin əsli və surəti notariusda təsdiq edilmiş), tələbənin və hər iki valideyninin qaçqınlıq sənədinin əsli və surəti (notariusda təsdiq edilmiş), doğum haqqında şəhadətnamə və surəti, ərizə, sağlamlıq haqqında arayışın əsli (forma 86); attestatın əsli; qəbul haqqında TQDK səhifəsindən çıxarış; Ödənişli əsaslarla təhsil alacaq tələbələrin illik təhsil haqqının ödəniş qəbzi;
Hərbi biletin və ya çağırışçı şəhadətnaməsinin əsli və surəti (yalnız oğlanlar üçün);
4 ədəd 3x4 rəngli foto şəkil” — deyə Kamran Əsədov qeyd edib.