BAKI, 15 avqust — Sputnik. Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, S.Ramazanovun meyiti meşəlik ərazidə aşkar olunub.
Axtarış tədbirlərinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Axtarışlar S.Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.
Qeyd edək ki, S.Ramazanov avqustun 10-da itkin düşüb.