Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 avqust — Sputnik. "Hazırda ABŞ Türkiyəyə qarşı elan edilməmiş iqtisadi müharibə aparır. Yəni, təzyiq göstərərək Türkiyənin təkrar ABŞ-ın nəzarəti altına keçməsini tələb edir. Bu səbəbdən də hər cür sanksiyalar elan etməyə çalışır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl Türkiyə-ABŞ münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın "F-35"in Türkiyəyə tədarükünü donduran layihəni imzalaması gözlənilən idi: "Bundan sonra 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir hesabat hazırlayacaq və bu hesabatın da müsbət olacağını düşünmürəm. Dolayısı ilə avqustun 13-dən etibarən Türkiyəyə qarşı yeni bir sanksiya tətbiq olunub".
T.İsmayıl bildirib ki, bu, ABŞ-ın öz gücünü Türkiyə üzərindən göstərmək məsələsi kimidir: "Məsələn, İrana qarşı sanksiyalara baxan zaman görürük ki, ABŞ-ın 3 tələbi var. İran onun müttəfiqi deyil, işbirliyi də yoxdur. Yəni İranın nüvə proqramı var. Amma geostrateji müttəfiqi, işbirliyi olan Türkiyəyə daha ağır tələblər qoyulub. Bunu sadəcə müqayisə üçün söyləyirəm. Təbii ki, heç bir ölkəyə qarşı təzyiq yolverilməzdir".
Professorun fikrincə, məsələn, təbii qazı İrandan alan Türkiyənin bundan imtina etməsi ciddi şəkildə Türkiyə üçün maddi zərərlə qarşılanacaq: "ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını tələb etməsində zərərin qarşılanması məsələsi yoxdur, yaxud bunun alternativi irəli sürülməyib. ABŞ-ın bu məsələdə yanaşması təbii ki, yolverilməzdir. Bunu ABŞ və Trampın öz istəklərinə görə başqa ölkələrin siyasətlərinə müdaxilə kimi də dəyərləndirə bilərik. Türkiyənin öz iqtisadi maraqları var və bu istiqamətdə hərəkət edir".
T.İsmayılın qənaətincə, ABŞ əvvəl-axır addımını yumşaldacaq: "Ümid edirəm ki, Türkiyə tərəfi də diplomatik yollar ilə məsələni həll etməyə çalışacaq. Amma bu addımların indiki zamanda yumşalacağını düşünmürəm və buna zaman lazımdır. Türkiyə bir növ dirənmək məcburiyyətindədir və burada dövlətin nüfuz məsələsi var. Diqqət edirsinizsə, Türkiyədə iqtidar və müxalifət bu cür diktə rejiminə qarşı birgə dayanıb. Türkiyə dövlətinə hədə-qorxu gəlmək doğru deyil. Bəlkə diplomatik üslub ilə, dialoq yolu ilə bir nəticəyə gəlmək mümkündür".
"Düşünürəm ki, Türkiyədə iqtisadi çətinliklər olacaq, amma cəmiyyət buna hazırlıqlıdır və dirənməyə də davam edəcək"- deyə o əlavə edib.